xəbərlər

DİN-in Polis Akademiyasında Pekin Yay Olimpiya oyunlarının çempionu Elnur Məmmədli və Paralimpiya oyunlarının ikiqat çempionu İlham Zəkiyev ilə görüş keçirilmişdir

05.02.2009

05.02.2009-cu il tarixdə Pekin Yay Olimpiya oyunlarının çempionu Elnur Məmmədli,  eləcə də həmin olimpiadada iştirak edən akademiyanın əməkdaşları Hicran Şərifov, Mövlud Mirəliyev və Paralimpiya oyunlarının ikiqat çempionu İlham Zəkiyev ilə Polis Akademiyasının şəxsi heyətinin görüşü keçirilmişdir.

İlk öncə bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan ümummilli lider, ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyulmuş, xatirə fotoşəkilləri çəkilmişdi. «Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji mərkəz»lə tanış olan E.Məmmədli və İ.Zəkiyev «Fəxri qonaqların kitabı»nda öz ürək sözlərini yazmışlar.

Polis Akademiyasının klubunda keçirilən tədbirdə Elnur Məmmədli və İlham Zəkiyev Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı nəticəsində Pekin Yay Olimpiya və Paralimpiya Oyunlarında qazandıqları qələbəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. E.Məmmədli Pekin Yay Olimpiya oyunları barədə öz təəssüratlarından danışaraq müdavimləri maraqlandıran suallara cavab vermişdir. Çıxışlarının sonunda qonaqlar yüksək səviyyədə təşkil olunmuş görüşə görə akademiya rəhbərliyinə təşəkkürlərini bildirmişlər. Elnur Məmmədliyə və İlham Zəkiyevə xatirə hədiyyələri təqdim olunmuşdur.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra akademiyanın idman zalında Elnur Məmmədli cüdo ilə məşğul olan müdavimlərə tövsiyyələrini verərək ayrı-ayrı fəndlərin icrasını izah etmişdir.

Tədbirin bədii hissəsi Cavanşir Məmmədov, Əlikram Bayramov və digər incəsənət ustalaranın iştirakı ilə maraqlı konsert proqramı ilə başa çatmışdır.
Geriyə | Çap versiyası