xəbərlər

Polis Akademiyasının əməkdaşı Türkiyə Respublikasının Karabük şəhərində təşkil olunmuş onlayn konqresdə iştirak edib

18.05.2022

 17 may 2022-ci il tarixli məktuba əsasən Türkiyə Respublikasının Karabük şəhərində  Karabük Universiteti, Bakı Dövlət Universiteti, Əhməd Yəsəvi Universiteti, Zubanov Universiteti və Daşkənd Şərqşünaslıq Universitetinin təşkilatçılığı ilə “Uluslararası Türkoloji Konqresi: Arayışlar ve yönelimler” adlı onlayn konqres keçirilmişdir.

Beynəlxalq Türkoloji Konqresi giriş sözü ilə Karabük Universitetinin rektoru prof.dr.Refik Polat açıq elan etmiş, iştirakçılara və konfransın işinə uğurlar arzulamışdır. Türk dövlətlərinin qatıldığı, 70-dən çox tədqiqatçı-alimin iştirak etdiyi konfrans 23 bölmə iclasında öz işini üç gün (16-18 may) davam etdirmişdir. Konqresdə DİN-in Polis Akademiyasından Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin baş inspektor-korrektoru, polis leytenantı Aynur Səfərli iştirak etmişdir. Aynur Səfərli 18 may 2022-ci il tarixində “Bəxtiyar Vahabzadənin əsərlərində türkçülük ünsürləri” adlı mövzu ilə məruzə etmiş, XX əsrin 60-70-ci illərində türklüyünə, kökünə qayıdışın, gen-qan azadlıq mübarizəsinin milli poeziyamızda öz təcəssümünü tapmasında xalq şairi Bəxtiyar Vahabzadənin ölçüyəgəlməz xidmətlərindən bəhs etmiş, onun türkçülük və milli azadlıq mübarizəsi mövzulu əsərlərinin xalqımızın milli özünüdərkinin oyanışında çox böyük və mühüm rol oynadığını vurğulamışdı. Türkün türklə qardaşlıq əlaqələrinin yasaq olunduğu illərdə ümumtürk mənəvi dəyərlərinin xilası yolunda türk birliyi ideyasına söykənən dəyərli əsərlər yaratmış vətənpərvər şairin yaradıcılığını gəncliyimiz üçün parlaq bir nümunə olaraq dəyərləndirən A.Səfərli “Katılım Belgesi” ilə təltif olunmuşdur.




Geriyə | Çap versiyası