xəbərlər

DİN-in Polis Akademiyasında 28 May – Müstəqillik Gününə həsr edilmiş konfrans keçirilib

26.05.2022

 Polis Akademiyasında 26 may 2022-ci il tarixdə Müstəqillik Gününə həsr olunmuş “Müsəlman Şərqinin ilk demokratik cümhuriyyəti” mövzusunda konfrans keçirilmişdir. Konfransda Akademiyanın rəhbərliyi, müəllim-zabit heyəti, əyani fakültənin kursantları iştirak ediblər.
Konfransda Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş hüquq-mühafizə orqanları əməkdaşlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib, sonra “Müsəlman Şərqinin ilk demokratik cümhuriyyəti” haqqında videoçarx nümayiş etdirilib.

Konfransın açılışında çıxış edən Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə konfrans iştirakçılarını təbrik edərək, möhkəm cansağlığı və firavanlıq, bütün Azərbaycan xalqına sülh və tərəqqi, konfransın işinə isə uğurlar arzulayıb. C.Daanov qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinin irsi tariximizin şanlı və şərəfli səhifəsi, milli qürur yerimiz, dünənimiz, bugünümüz və gələcəyimizdir.

 Akademiya rəisi onu da vurğulayıb ki, bu şərəfli tarixi həm özümüz dərindən öyrənməli, gənclərə öyrətməli, həm də dünya ictimaiyyətinə təbliğ etməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində həyata keçirdiyi tədbirlər XX əsrin sonunda xalqımıza milli dövlətçilik ənənələrini bərpa etməkdə siyasi və mənəvi məktəb olub.
Sonra Millət vəkili, tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Musa Qasımlı Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının qəbul olunmasının ildönümünü hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi tarixi hadisə olduğunu bildirərək Cümhuriyyətin XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandığını deyib və müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, tarixin ən çətin, ən mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində öz demokratikliyi ilə seçilirdi.
Konfransda kursantlar Güloğlan İsmayılzadə “AXC-nin ordu quruculuğu”, Kənan Sarıyev “AXC-nin mədəniyyət sahəsində tədbirləri” və Arzuman Hüseynov “AXC-nin təhsil siyasəti” mövzularında çıxış edərək 28 May – Müstəqillik Gününün qeyd olunmasının vacibliyi və  milli dövlətçilik tariximizdə silinməz iz qoyduğu qeyd ediblər.
Konfrans öz işini müzakirələrdən sonra başa çatdırıb.


Geriyə | Çap versiyası