xəbərlər

Polis Akademiyasının əməkdaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilmiş beynəlxalq seminarda iştirak edib

02.06.2022

 02 İyun 2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ali təhsil müəssisəsinin yaradılmasının 14 illiyinə həsr olunan “Avtomobil konstruksiyasında dövri dəyişikliklər və qəza-xilasetmə problemləri” mövzusunda beynəlxalq seminar keçirilib.
Seminarda FHN, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universitetinin nümayəndələri və Polis Akademiyasının Hərbi kafedrasının rəisi, polis polkovniki Hacı Aslanov iştirak ediblər. Türkiyə Respublikasının Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) və Niderlandın “Holmatra” Xilasetmə Avadanlıqları şirkətinin nümayəndələri konfransa onlayn formada qoşulublar.
Seminarın keçirilməsində əsas məqsəd avtomobil təhlükəsizliyi və xilasetmə sahəsində fəaliyyət göstərən təşkilat və qurumların nümayəndələrini bir araya gətirərək onlar arasında təcrübə mübadiləsi və müzakirələrin aparılması, bu sahə üzrə müsbət nailiyyətlər əldə etmiş dövlətlərin və şirkətlərin yanaşmalarını öyrənmək, avtomobil təhlükəsizliyi sahəsində maarifləndirmə, təbliğat və təşviqat işinin təkmilləşdirilməsi olub.
Əvvəlcə, seminar iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və ali təhsil müəssisəsinin 10 illik fəaliyyətini əks etdirən muzeylə tanış olublar.
Seminarda çıxış edən FHN-in Akademiyasının rəisi, general-mayor Baba Salayev bildirib ki, nəqliyyat kompleksinin hərtərəfli inkişafı iqtisadiyyat üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanla dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi avtomobil nəqliyyatı infrastrukturunun inkişafına müsbət təsirini göstərir.
Sonra seminar işini plenar iclasla davam etdirib. Plenar iclasda iştirak edən ekspertlər tərəfindən yol-nəqliyyat hadisələrinin başvermə səbəbləri və şəraitindən, yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardımın göstərilməsindən, avtomobillərin konstruksiya dəyişikliklərinin normativ əsaslarından, avtomobillərin təhlükəsizlik sistemlərindən bəhs edilib, mövzular ətrafında geniş müzakirələr aparılıb.
Tədbirin sonunda fərqlənən seminar iştirakçıları FHN-in Akademiyasının fəxri fərmanı ilə təltif olunublar.

Geriyə | Çap versiyası