xəbərlər
Polis Akademiyasında 27 Sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib
27.09.2022

Tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsində canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbir iştirakçılarını salamlayıb və bildirib ki, iki il bundan əvvəl 27 sentyabr 2020-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu qanlı cinayətə cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olunmuşdur. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu və xalqı Qələbə qazanmışdır. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını aldı. Dövlətimiz şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görmüşdür. 2020-ci il dekabrın 2-də Cənab Prezidentin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilmişdir. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq.

Tədbirlərin davamı olaraq Akademiyada Vətən müharibəsi şəhidlərinin Anım Günü və 44 günlük Vətən müharibəsinə həsr olunmuş dərslər keçirilmiş, Akademiya ərazisində yerləşdirilən monitorlarda daimi və dəyişən heyət tərəfindən izlənilməsi üçün videoçarxlar nümayiş olunmuş, struktur qurumların rəhbərləri tərəfindən tabelikdə olan əməkdaş və kursantlarla söhbətlər aparılmış, Akademiyanın bir qrup əməkdaşı Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirəsini yad etmişlər.

Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Akademiyanın təsdiq edilmiş müvafiq tədbirlər planı çərçivəsində çoxsaylı silsilə tədbirlər davam edir.