xəbərlər

Polis Akademiyasında kursantlara nəzəri-praktiki vərdişlərin öyrədilməsi işi davam etdirilir

07.10.2022

 06-07 oktyabr 2022-ci il tarixlərində Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qoşqar Əliyev əyani təhsil üzrə V kursun kursantları ilə “DİO-da təhqiqat” fənnindən keçirilən mühazirədə iştirak etmişdir.
Mühazirədə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəzəri əsasları, cinayət-prosessual qanunverciliyin aidiyyəti normaları və bu sahədə təcrübədə aparılan icraatla bağlı zəruri məlumatlar verilmişdir. Böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə aparılan məhkəməyədək sadələşdirilmiş icraatın təhqiqatın bir növü olmaqla, onun ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı şəklində aparılan təhqiqatdan fərqləri və digər əhəmiyyətli məsələlər izah edilmişdir. Həmçinin, 2022-ci  ilin 9 ayı ərzində müvafiq məsələ ilə bağlı nəticələri, o cümlədən müxtəlif illər üzrə təhqiqat göstəricilərinin artma və azalma faizləri də müqayisəli şəkildə kursantların diqqətinə çatdırılmışdır. Təhqiqat sahəsində mövcud problemlər, onların həlli yolları və bu sahənin gələcəkdə daha da təkmilləşdirilməsinə dair müzakirələrə yer verilmişdir.

Dərs zamanı gələcək hüquqşünaslara praktiki fəaliyyəti dövründə cinayət-prosessual qanunvericiliyin tələblərinə ciddi əməl edilməsinin vacibliyi, daxili işlər nazirliyinin aidiyyəti normativ-hüquqi aktlarının tələblərini daim rəhbər tutmaları, həmçinin müvafiq tövsiyələr verilmişdir.
Dərsin sonunda kursantları maraqlandıran suallar cavablandırılmış, bəzi fikir və mülahizələr dinlənilmiş, xatirə şəkli çəkilmişdir.
Mühazirədə “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayev, kafedranın baş müəllimi, polis polkovnik-leytenantı Anar Mikayılov və müəllim polis mayoru Rafik Quliyev iştirak etmişlər.



Geriyə | Çap versiyası