xəbərlər

Polis Akademiyasının Kitabxanasında xüsusi ədəbiyyatlardan ibarət ilk elektron oxu zalının açılışı olub

11.10.2022

 Oktyabrın 11-də Polis Akademiyasının Kitabxanasının ilk elektron oxu zalının açılışı olub. Açılış mərasimində Akademiyanın rəhbərliyi, kitabxananın əməkdaşları və təhsilalanlar iştirak ediblər.
Açılışda Akademiya rəisi, polis general-mayoru Canpolad Daanov elektron oxu zalının Akademiyada gedən islahatlar fonunda yaradıldığını diqqətə çatdırıb, ölkəmizdə elm və təhsillin inkişafına  xüsusi önəm verildiyini, Dövlət Başçısının və Daxili İşlər Nazirliyinin rəhbərliyinin Akademiyaya diqqət və qayğısını xüsusilə qeyd edib. Bildirilib ki,  Polis Akademiyasında kitabxana işinin təşkili sahəsində mövcud problemlər aradan qaldırılmış, xüsusilə də ixtisaslaşmış elektron kitabxanaların yaradılması istiqamətində kifayət qədər tədbirlər görülmüş, uğurlu nəticələrə nail olunmuşdur. O da qeyd edilib ki, Akademiyada kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə müasir informasiya texnologiyalarının tətbiqi və elektron kitabxanaların yaradılması qarşıda duran əsas prioritet istiqamətlərdəndir.

 Hal-hazırda  Akademiyanın Kitabxanası öz fəaliyyətində innovativ metodları özündə rəhbər tutaraq müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərərək  vəsaitlərin elektronlaşdırılması işini başa çatdırmışdır. Akademiyada ilk dəfə bu sahədə ümumi ədəbiyyatlarla yanaşı xüsusi ədəbiyyatların da elektronlaşdırılması həyata keçirilmişdir. Akademiya rəhbərliyinin daim nəzarətində olan Kitabxana öz fəaliyyətini mövcud qanunvericiliyə, dövlət sirrinin mühafizəsi üzrə normativ hüquqi aktlara əsaslandıraraq aparır.

Kitabxananın əməkdaşları məlumat veriblər ki, son illərdə Kitabxanada arxiv sənədləri və kitabların, məxfi və qeyri-məxfi sənədlərin elektron kataloqu hazırlanıb. Kitabxana fondunda 17.000-dən çox məxfi, qeyri-məxfi ədəbiyyatlarla yanaşı Nazirliyin normativ aktları vardır. Kitabxanada əsas və tədrisdə daha vacib olan  vəsaitlər elektron bazanın yaddaşına yerləşdirilmişdir. Məlumat verilib ki, kitabxana ən müasir texniki avadanlıqlarla təchiz edilib, əməkdaşlar üçün yüksək şərait yaradılmışdır.

 Qeyd etmək lazımdır ki, kitabxananın xüsusi ədəbiyyatlar olan hissəsində yerləşən oxu zalı 72 ədəd müasir, lokal şəbəkədə fəaliyyət göstərən kompüterlərlə təchiz olunmuş və təhsilalanların istifadəsinə verilmişdir. Kitabxananın xüsusi ədəbiyyatlar olan hissəsində fəaliyyət göstərən kitabxanaçı əməkdaşları dövlət sirrinin mühafizəsi üzrə qanunvericiliyə və Nazirliyin bu sahəyə aid normativ aktlarının tələblərinə uyğun olaraq vəsaitlərin Elektron oxu zalına təqdim edilməsi işini həyata keçirir, eyni zamanda videomüşahidə aparırlar.
Elektron kitabxananın daxili işlər orqanlarında kadr hazırlığı siyasətinin uğurla həyata keçirilməsi istiqamətində əhəmiyyətini qeyd edən iştirakçılar sonra kitabxanada yaradılan şəraitlə tanış olublar.

Geriyə | Çap versiyası