xəbərlər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti Polis Akademiyasında əməkdaşlıq görüşü keçiriblər
20.10.2022

Görüşün məqsədi təhsil və elm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, 100 illik tarixə malik olan hər iki təhsil müəssisəsi, həmçinin onların elmi-pedaqoji kollektivləri arasında sıx əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması olubdur.
Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov Universitetin nümayəndə heyətini salamlayaraq onları Akademiyada görməkdən şad olduğunu bildirib.
Daha sonra C.Daanov Akademiyanın yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar, tədris prosesi, yeniliklər barədə ətraflı məlumat verib və qeyd edib ki, Polis Akademiyasında hüquqşünas ixtisaslı daxili işlər orqanları üçün kadrlar hazırlanır. Müəllimlərin pedaqoji biliklərinin daha da mükəmməlləşdirilməsi və digər tədris-elmi sahədə birgə tədbirlərin keçirilməsi məqsədi ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi zəruridir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov Universitetin tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında ətraflı məlumat verib. Polis Akademiyası arasında əlaqələrin zəruriliyindən danışan rektor Azərbaycan vətəndaşına və dövlətinə xidmət edən mütəxəssislərin hazırlanmasında əsas rol oynayan müəllim heyətinin elmi-pedaqoji sahəsində biliklərinin də vacib olduğunu deyib.
Sonda təcrübə mübadiləsi, məqsədyönlü işçi əməkdaşlıq proqramları ilə nəzərdə tutulan elmi-pedaqoji heyətin və tələbələrin mübadiləsi, tədris fənlərinin proqramları, iş planları və təlim-tədris texnologiyaları, qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə əlaqələrin intensivləşdirilməsi qərara alınıb.
Tədbirdə Polis Akademiyasının pedaqoji heyəti üçün “Müəllim hazırlığının müasir problemləri” mövzusunda 42 saatlıq ixtisasartırma kursunda iştirak etmiş əməkdaşlara Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov tərəfindən sertifikatlar, eyni zamanda qonaqlara Akademiya rəisi, polis general-mayoru Canpolad Daanov tərəfindən hədiyyələr təqdim edilmişdir.