xəbərlər

Şəmistan Əlizamanlı ilə Polis Akademiyasında görüş keçirilib

04.11.2022

 04 noyabr 2022-ci il tarixində Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının məşhur ifaçısı, Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı ilə Polis Akademiyasında kursantların görüşü keçirilib.

Tədbirə başlamazdan öncə ümummilli  lider  Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilmişdir. Akademiyanın 3-cü kurs kursantı Səyyad Əliyev “Zəfər Günü” ilə bağlı çıxış etmiş, daha sonra isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının 44 günlük Vətən müharibəsində keçdiyi şanlı döyüş yolundan bəhs edən videoçarx nümayiş olunmuşdur.

Tədbirdə Şəmistan Əlizamanlı çıxış edərək ordumuzun qələbəsindən və Ali Baş Komandanımız cənab İlham Əliyevin dünya arenasında sərgilədiyi möhtəşəm siyasət  barədə fikirlərini kursantlarla bölüşüb və kursantların qarşısında hərbi vətənpərvərlik ruhunda mahnılar ifa etmişdir.

Kursantlar Ş.Əlizamanlının ifasını böyük coşqu ilə alqışlayıblar. Tədbirdə o da vurğulanıb ki, belə görüşlər hərbi vətənpərvərlik ruhunun aşılanmasında çox böyük rol oynayır.
Tədbirin sonunda kursantlar Şəmistan Əlizamanlı ilə birgə xatirə şəkili çəkdiriblər.

 
Geriyə | Çap versiyası