xəbərlər

Polis Akademiyasında Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin ildönümünə həsr olunmuş konfrans keçirilib

10.11.2022

 10 noyabr 2022-ci il tarixində Polis Akademiyasında Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin ildönümünə həsr olunmuş “Azərbaycan konstitusionalizminin aktual problemləri” adlı elmi-praktik konfrans keçirilmişdir.
Respublikanın müxtəlif ali təhsil müəssisələrinin professor-müəllim heyətinin və təhsilalanlarının iştirak etdiyi konfransda respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin və ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlandı.

Polis Akademiyasının rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov konfransda açılış nitqi ilə çıxış edərək qeyd etdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Ulu öndər Heydər Əliyev başda olmaqla, xüsusi komissiya yaradılaraq, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Natiq həmçinin, keçirilən elmi-praktik konfransın təhsilalanların gələcək fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını vurğuladı.

 Sonra Akademiyanın “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Ceyhun Süleymanov konfrans iştirakçılarına  Konstitusiyanın mahiyyətini açıqlayaraq hüquqi əsasları barədə məlumat verib, Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən söz açıb. C.Süleymanov onu da qeyd edib ki, Konstitusiya ölkədə siyasi sabitliyin, ictimai sülhün və milli barışığın qarantı kimi çıxış edir, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərir.

Konfransda DTX-nın Heydər Əliyev adına Akademiyasının kursantı Harun Ramazanlı, Bakı Dövlət Universitetinın magistrantı Elnar Haşımov, DİN-in Polis Akademiyasının kursantı Yunis Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Gülçinay Ömərova, Azərbaycan Hava Yolları QSC-nin Milli Aviasiya Akademiyasının tələbəsi İsmayil Qənbərli və DGK-nın Akademiyasının tələbəsi Vüqar Əliyev mövzu ətrafında məruzələrlə çıxış ediblər.
Konfrans müzakirələrlə başa çatıb. Sonda iştirakçılara sertifikatlar, Akademiyanın bukletləri və Polis Akademiyasının elmi xəbərləri jurnalının nüsxələri təqdim olunub.

Geriyə | Çap versiyası