xəbərlər

Polis Akademiyasının komandası “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışında 2-ci yeri tutub

12.11.2022

Noyabrın 12-də “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışı keçirilib.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8-ci dəfə keçirilən yarışda ölkə üzrə 49 ali təhsil müəssisəsinin tələbələri iştirak edib.

Diqqətə çatdırılıb ki, artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin öyrənilməsinə, gənclər arasında maarifləndirməyə yönəlib. İştirakçılar “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycanın Vətən müharibəsindəki zəfəri”, “Qarabağın dirçəlişi” və digər mövzulardakı suallar üzrə biliklərini sınayıblar. Komandalar hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyindəki arxiv materialları əsasında mövzular üzrə araşdırma aparıblar.
Yarışda hər ali təhsil müəssisəsini 6 nəfərdən ibarət bir komanda təmsil edib. Üç turun sonunda ümumrespublika bilik yarışının qalibləri seçilib.

DİN-in Polis Akademiyasının komandası da bu yarışa qatılmışdır. Bilik yarışında DİN-in Polis Akademiyasını təmsil etmələri üçün «İctimai elmlər» kafedrasının əməkdaşları tərəfindən bilik səviyyələri və ümumi dünyagörüşləri nəzərə alınmaqla 8 nəfərdən (6 nəfər əsas heyət – I kursun magistrı, polis leytenantı, İlkin Ələkbərov (komanda kapitanı); kursantlar Süleyman Süleymanov, Elşad Babayev, Muhamməd Nəsibli, Turqut Süleymanlı, Əli Kərimli; 2 nəfər ehtiyat heyət - Fərid Qafarov, Yunis Əliyev) ibarət komanda formalaşdırılmışdır.

Bilik yarışında Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası ikinci, Dövlət Sərhəd Xidmətinin Akademiyasının komandası üçüncü yerə layiq görülüb.
Yarışda I, II və III yerləri tutan komandalar mükafatlandırılıb, komandaların hər bir üzvünə iştirakçı sertifikatı təqdim edilib.
 
 
 
 

Geriyə | Çap versiyası