xəbərlər

Polis Akademiyasının kursantları Şirvanşahlar Saray Kompleksini ziyarət ediblər

18.11.2022

18 noyabr 2022-ci il tarixində Polis Akademiyasının I və II kurs kursantları polis polkovnik-leytenantı Eldəniz Kazımovun rəhbərliyi ilə Şirvanşahlar Saray Kompleksini ziyarət ediblər. Saray bələdçisi şəxsi heyəti müşayiət edərək saray kompleksi barədə ətraflı məlumat verib. Bələdçi qeyd edib ki, bu saray Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahıdır. Kompleks saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqlarından ibarətdir. Şirvan-Abşeron memarlıq məktəbi üslubunda tikilən saray XIII-XVI əsrlərə aiddir. XIX əsrdən bəri bir neçə dəfə təmir və restevrasiya edilən saray əsas memarlıq forması olan kubik şəkilli binalar, günbəzlər və portalların ahəngi və mütənasibliyi ilə əlaqələndirilərək tikilmişdir.

Bələdçi onu da kursantların diqqətinə çatdırıb ki, 1964-cü ildə Dövlət tarixi-memarlıq qoruq-muzeyi elan edilən Şirvanşahlar Saray Kompleksinin 2000-ci ildə Bakı şəhərinin qala divarları ilə əhatə edilmiş tarixi hissəsi – İçərişəhər və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. 2001-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dünya əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınan, Azərbaycan memarlığının incisi hesab edilən Şirvanşahlar sarayı Bakının Qala adlanan ən qədim hissəsində yerləşir. 1 hektar ərazini tutan sarayın təsvirinə Qriqori Qaqarin, Georgi Qoqenfelden kimi rəssamların əsərlərində və Riçard Tilenin fotolarında rast gəlinir.
Kursantların böyük marağına səbəb olan komplekslə tanışlıqdan sonra xatirə şəkili çəkilib.
 

Geriyə | Çap versiyası