xəbərlər

Polis Akademiyasının əməkdaşları orta məktəbdə narkomaniya ilə bağlı tədbir keçiriblər

23.11.2022

 23 noyabr 2022-ci il tarixdə Xəzər rayonu 183 nömrəli tam orta məktəbdə “Narkomaniya sosial bəladır” adlı  maarifləndirici-profilaktik tədbir keçirilmişdir.

Tədbirdə Akademiyanın “Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektoru”nun üzvü, Mülki hüquq kafedrasının baş müəllimi, polis baş leytenantı Ata Vəliyev, Kriminalistika kafedrasının müəllimi, polis baş leytenantı İsmayıl Əmirli, eyni zamanda Xəzər RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi, polis mayoru Eldar Əliyev, həmin bölmənin baş inspektoru, polis kapitanı Xəyalə Həsənova, eləcə də 183 nömrəli tam orta məktəbin direktoru Rəhilə Abbasova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbin digər pedaqoji heyəti və 9-10-cu sinif şagirdləri iştirak ediblər.

Polis Akademiyasının Kriminalistika kafedrasının müəllimi, polis baş leytenantı İsmayıl Əmirli “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda çıxış etmişdir. İ.Əmirli çıxışında ölkəmizdə narkotik cinayətkarlığının sosial neqativ təzahürləri, səbəbləri, bu növ cinayətlərin törədilmə üsulları, digər zərərli vərdişlər və həmin vərdişlərin yol açdığı hüquqpozmalar haqqında iştirakçıları məlumatlandırmışdı.

Daha sonra Mülki hüquq kafedrasının müəllimi, polis baş leytenantı Ata Vəliyev “İnternetdən təhlükəsiz istifadə” mövzusunda çıxış edərək müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilmiş internetin faydaları və zərərləri barədə şagirdlərə məlumat vermiş, internet vasitəsilə törədilən kiber cinayətlər, habelə müasir dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin və alqı-satqısının internet üzərindən həyata keçirilməsini sosial-neqativ təzahürləri barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Çıxışlar bitdikdən sonra məktəbliləri maraqlandıran suallar cavablandırılmış, şagirdlərlə xatirə şəkili  çəkilmişdir. Ümumilikdə tədbir həm məktəblilər, həm də orta məktəb rəhbərliyi tərəfindən böyük maraqla qarşılanmışdır.
 
 

Geriyə | Çap versiyası