xəbərlər

Polis Akademiyasında “Antinarkotik təbliğatı” ilə bağlı görüş keçirilib

20.12.2022

20 dekabr 2022-ci il tarixində “Antinarkotik təbliğatı” ilə bağlı Polis Akademiyasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsindən dəvət olunmuş Xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Seymur Quliyevlə görüş keçirilib. Akademiyanın Şəxsi heyətlə iş üzrə şöbəsinin inspektoru, polis kapitanı Ruslan Məmmədov Seymur Quliyevi I kursun şəxsi heyətinə təqdim etdikdən sonra qonaq, praktik yönümlü çıxış edərək Respublika ərazisində yayılmış narkotik vasitələrin qanunsuz dövriyyəsindən, onların növlərindən, trafikindən, eləcə də narkomanlığın Azərbaycan gəncliyinə vurduğu ziyandan və narkotiklərə qarşı mübarizədən, narkotiklə mübarizə çərçivəsində ictimai qınaqdan, əsasən Respublika ərazisində daha çox yayılmış metanfetamin, heroin, tiryək, həşiş kimi narkotik vasitələrdən, eləcə də psixotrop maddələrin istifadə edilməsi barədə kursantlara məlumat verib.

Daha sonra Seymur müəllim Respublikamızda daha çox yayılmış narkotik vasitə olan metanfetaminin Azərbaycan ərazisinə hansı yollarla keçirilməsindən, eləcə də satışı barədə məlumat verdikdən sonra günümüzdə narkotik vasitələrin satışının xarici ölkələrdə qeydiyyatdan keçmiş mobil nömrələr vasitəsilə həyata keçirildiyi barədə məlumatları kursantların nəzərinə çatdırıb.  
Bundan başqa narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarının daha da təkmilləşdirildiyini, narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən biri kimi sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya ilə mübarizənin daim diqqət mərkəzində olduğunu qeyd etdi.   
Tədbirin sonunda kursantları maraqlandıran suallar polis polkovnik-leytenantı Seymur Quliyev tərəfindən cavablandırıldı.

 
 

Geriyə | Çap versiyası