xəbərlər

DİN-in Polis Akademiyasında növbəti “İxtisasartırma” kursu təşkil olunmuşdur

21.12.2022

Azərbaycan Respublikası DİN-in 23 sentyabr 2019-cu il tarixli “Daxili İşlər Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi”nə dair tədbirlər planının 4.1-ci bəndinə və DİN rəhbərliyinin göstərişlərinə uyğun olaraq cari ilin noyabr ayının 21-dən – dekabr ayının 21-dək şəhər, rayon və nəqliyyatda polis orqanlarının əməliyyat işi üzrə rəis müavinləri və cinayət axtarış xidmətlərinin şöbə/bölmə rəisləri vəzifəsində xidmət edən əməkdaşların qüvvədə olan normativ hüquqi aktların daha dərindən öyrənilməsi, nəzəri və təcrübi biliklərin artırılması məqsədi ilə təsdiq edilmiş tədris planına uyğun olaraq 162 saat həcmində “İxtisasartırma” kursu təşkil olunmuşdur.

Kursda nəzəriyyə ilə təcrübənin vəhdətinin təşkilinə dair müvafiq Kollegiya qərarına əsasən ayrı-ayrı tarixlərdə DİN-in Baş Təşkilat-İnspeksiya İdarəsindən, Bakı şəhəri Baş Polis İdarəsindən, Baş İstintaq və Təhqiqat İdarəsindən, Baş Cinayət-Axtarış İdarəsindən, Baş Dövlət Yol Polisi İdarəsindən, İnterpolun Milli Mərkəzi Bürosundan, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən, Baş İctimai Təhlükəsizlik İdarəsindən, Baş Narkotiklərlə Mübarizə İdarəsindən, Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən, DİN-in Şəxsi heyətlə İş İdarəsindən, DİN-in Katibliyindən, DİN-in İdman Cəmiyyətindən və Azərbaycan Respublikasının İnsan Hüqüqları üzrə müvəkkili Ombudsman Aparatından təcrübəli əməkdaşlar tədris prosesinə cəlb edilmişlər.

Dekabrın 21-i kursun nəticələrinə əsasən DİN-in Ə592-001-22 nömrəli əmri ilə yaradılmış komissiyanın sədri - DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanovun və komissiyanın digər üzvlərinin iştirakı ilə dinləyicilərdən yekun imtahan qəbul edilmiş və imtahandan müvəffəqiyyətlə keçmiş dinləyicilərə sertifikatlar təqdim olunmuşdur.

 

Geriyə | Çap versiyası