xəbərlər

DİN-in Polis Akademiyasında 20 Yanvar faciəsinin 33-cü ildönümü anıldı

20.01.2023

20 yanvar 2023-cü il tarixində Polis Akademiyasının şəxsi heyəti böyük sıra meydanında düzülmüş, faciə qurbanlarının, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Dövlət Himni səsləndirilmişdir.

Keçirilən tədbirdə İctimai elmlər kafedrasının baş müəllimi, polis mayoru Əfqan Qasımlı şəxsi heyətə faciənin baş vermə səbəbləri, onu təşkil edən şəxslər, faciə qurbanları və hadisələr qarşısında xalqımızın əzmkarlığı barədə ətraflı məlumat verib. Daha sonra Ə.Qasımlı qeyd edib ki, həmin vaxt Moskvada yaşayan Ulu öndər Heydər Əliyev qanlı qırğının ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək faciə ilə bağlı dünyanın onlarla aparıcı Kütləvi İnformasiya Vasitələrinin  nümayəndələrinin qarşısında bəyanat vermiş, Azərbaycan xalqına qarşı Sovet ordusunun təcavüzünü pisləmiş, faciəni törədənləri, xüsusilə də M.Qorbaçovu kəskin ittiham etmiş və qoşunların dərhal Bakıdan çıxarılması tələbini irəli sürmüşdür.

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Akademiyanın daimi heyəti xidməti otaqlarında 20 Yanvar faciəsi qurbanlarının və vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Akademiyanın daimi heyətinin şöbə, fakültə, kurs, kafedra, bölmə, hissə və xidmət rəhbərlikləri tabelikdəki əməkdaşlarla 20 Yanvar faciəsi ilə bağlı söhbətlər aparıblar.
Həmçinin Akademiyanın böyük sıra meydanında və yeməkxanasında quraşdırılmış monitorlarda 20 Yanvar faciəsi ilə bağlı foto və video materiallar nümayiş etdirilib.

 
 

Geriyə | Çap versiyası