xəbərlər

Bakı şəhərinin müxtəlif məktəblərindən gələn şagirdlər “Gənclər günü”nü Polis Akademiyasında qeyd etdi

02.02.2023

 2 fevral 2023-cü il tarixində müasir biliklərə yiyələnmiş, sağlam düşüncəli vətəndaş, eləcə də peşəkar gənc kadr yetişdirən Polis Akademiyasına “Gənclər günü” münasibətilə və “Açıq qapı” silsilə tədbirlərinin davamı olaraq Bakının bir sıra məktəblərindən şagirdlər dəvət olunmuşdur. Tədbirdə iştirak edən Bakı şəhəri Nərimanov rayonu S.C.Pişəvari adına Respublika Humanitar Fənlər Gimnaziyasının, Nizami rayonu 238 saylı, Səbail rayonu 203 saylı, Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 saylı tam orta məktəblərin 80-dən artıq IX-XI sinif şagirdləri 100 illik şanlı tarixə malik xüsusi təyinatlı ali təhsil müəssisəmizin maddi-texniki təminatları ilə yaxından tanış olmuşlar. Bundan əlavə, şagirdlərə Polis Akademiyası haqqında ətraflı məlumat verilmiş, akademiyaya qəbul qaydaları izah edilmiş, Polis Akademiyasının 100 illiyinə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.

 Daha sonra Polis Akademiyasının rəisinin birinci müavini polis polkovniki Vüqar Mansurov qonaqları salamlayaraq onlara bu əlamətdar günün tarixi haqqında məlumat vermiş, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi qiymətləndirən  Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir.

Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir, onun rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan imkan və şərait   bu sahəyə böyük diqqətin nəticəsidir.
Sonda məktəblilərlə xatirə şəkilləri çəkilmiş və onlara hədiyyələr təqdim olunmuşdur.
 
 
 

Geriyə | Çap versiyası