xəbərlər

Polis Akademiyasında Avropa İttifaqı və Avropa Şurasının təşəbbüsü ilə Şərq Tətəfdaşlığına üzv ölkələrdə kiber təhlükələrə qarşı dayanıqlığı möhkəmləndirmək məqsədilə həyata keçirilən “Kibercinayətkarlıq və elektron dəlillər” adlı təlim keçirilmişdir.

24.02.2023

21-24 fevral 2023-cü il tarixlərində DİN-in Polis Akademiyasında Avropa İttifaqı və Avropa Şurasının təşəbbüsü ilə Şərq Tətəfdaşlığına üzv ölkələrdə kiber təhlükələrə qarşı dayanıqlığı möhkəmləndirmək məqsədilə həyata keçirilən CyberEast layihəsi çərçivəsində Azərbaycan Respublikasının daxili işlər orqanlarının və təhlükəsizlik xidmətinin əməkdaşları üçün “Kibercinayətkarlıq və elektron dəlillər” adlı təlim keçirilmişdir.
Təlimdə Avropa İttifaqının ekspertləri, Polis Akademiyası ilə yanaşı DİN-in müvafiq idarələrinin əməkdaşları, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları iştirak etmişlər.

Təlimdə törədilən kibercinayətlər zamanı dəlillərin düzgün toplanması və qorunması, bu istiqamət üzrə metod və üsullar, beynəlxalq təcrübə, müasir texnologiyalardan istifadə etməklə başverəbiləcək kibercinayətlərin qarşısının alınması kimi məqamlar müzakirə edilmişdir. Eyni zamanda təlim kibercinayətkarlıq və elektron sübutlar, habelə spesifik mövzu olan uşaqların onlayn cinsi istismarı haqqında hüquqi və praktik məlumatları əhatə etmiş və təlimdə bu məsələlərin hüquq-mühafizə orqanlarının gündəlik işinə necə təsiri haqqında müzakirələr aparılmışdır. Həmçinin ekspertlər təmsil etdikləri qurum və layihələr barədə ətraflı məlumat vermiş, iştirak edən əməkdaşların daha sonra əldə etdikləri bilik və bacarıqları öz həmkarlarına ötürməsinin və kibercinayətkarlığa qarşı birgə mübarizənin faydalı olacağından əmin olduqlarını bildirmişlər.

Bundan başqa iştirakçılar tərəfindən kibercinayətkarlığa qarşı mübarizədə görülən işlər və təlim prioritetləri mövzusunda cıxışlar edilmişdir. Təlim interaktiv və sual-cavab formatında davam etdirilmiş, bir sıra mövzular üzrə müzakirələr aparılmışdır. Təlim ümumilikdə işgüzar və səmərəli şəkildə baş tutmuşdur.  
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
 
            
Geriyə | Çap versiyası