xəbərlər

Polis Akademiyasının kursantları Heydər Əliyev Mərkəzini ziyarət etmişlər

31.03.2023

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsilə bağlı Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması məqsədilə, Polis Akademiyasında keçirilən silsilə tədbirlərin davamı olaraq  10 mart 2023-cü il tarixində Akademiyanın I kurs II taqım, 31 mart 2023-cü il tarixində I kurs IV taqım kursantları Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.

Mərkəzin bələdçisi şəxsi heyəti müşayiət edərək dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verdi. O bildirdi ki, Mərkəz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Daha sonra Kursantlar Azərbaycan tarixinin bütün dövrlərini, həmçinin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlarla zəngin "Azərbaycan inciləri" adlı sərgi ilə tanış oldular. Mərkəzin ən cəlbedici hissələrindən biri də Heydər Əliyev Muzeyidir. Muzeydə təqdim olunan Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr də nümayiş etdirilən eksponatlar siyahısındadır. Kursantların diqqətini cəlb edən ən maraqlı eksponatlardan biri Ulu öndərin  Azərbaycana rəhbər olduğu dövrlərdə  istifadəsində olan avtomobillər idi.

Mərkəzdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlar kursantlara nümayiş etdirildi. Həmçinin, ekskursiya zamanı kursantlar Ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən fotostend və kitablarla tanış olublar. Şəxsi heyətin diqqətini cəlb edən muzeyin ən maraqlı bölmələrindən biri də Ulu öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda Ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və Ümummilli liderə təqdim edilən hədiyyələrin fotoları əks olunur.
Sonda xatirə şəkilləri çəkdirildi.
 
 
 

Geriyə | Çap versiyası