xəbərlər

Polis Akademiyasında Ümumdünya Sağlamlıq Günü və Ümumdünya Fiziki Aktivlik Günü münasibətilə tədbir keçirilmişdir

04.04.2023

04 aprel 2023-cü il tarixində DİN-in Polis Akademiyasının dəyişən heyətlə ideoloji, mənəvi-psixoloji, tərbiyəvi işin və vətənpərvərlik ideyalarının inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən müvafiq tədbirlər planına uyğun olaraq Polis Akademiyasının Tibb-sanitariya hissəsinin və Şəxsi heyətlə iş üzrə şöbəsinin təşəbbüsü ilə 6 aprel - Ümumdünya Fiziki Aktivlik Günü və 07 aprel - Ümumdünya Sağlamlıq Günü münasibətilə Akademiyanın Əyani fakültəsinin kursantları ilə görüş keçirilmişdir.

Tibb-sanitariya hissəsinin rəisi, tibb xidməti mayoru Əlinur Hüseynli tədbiri açıq elan edərək Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2017-ci il tarixli Sərəncamı ilə qüvvəyə minmiş “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanunun icrası ilə bağlı Akademiyada aparılan işlər barədə məlumat vermişdir.

Sonra tədbirə dəvət olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və Səhiyyə kommunikasiya şöbəsinin müdiri Laura Quliyeva tədbir iştirakçılarına təqdim edilmişdir. L.Quliyeva gənclər arasında bir bəlaya çevrilmiş tütünçəkmənin insan orqanizmində törətdiyi fəsadlar, tütünçəkməyə aludəçiliyin yaranma səbəbləri, tütünçəkmədən imtina etmə və onun insan orqanizmində yaratdığı fəsadların aradan qaldırılması yolları barədə ətraflı məlumat verərək qeyd olunanlarla bağlı slaydlar nümayiş etdirmişdir. Daha sonra İctimai Sağlamlıq Şöbəsinin müdiri Tofiq Musayev tütün istehsalı ilə məşğul olan şirkətlərin öz maraqlarına qulluq edən korporativ fəaliyyətləri və bu fəaliyyətlərin yalnız özlərinin maddi maraqlarına xidmət etmələri barədə danışaraq kursantları maraqlandıran sualları cavablandırmışdır.

Tədbirin ikinci hissəsində kursantlar arasında sağlam həyat tərzinin təbliğinə yönəlmiş idman yarışları keçirilmiş və İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən qalib kursantlara mükafatlar təqdim edilmişdir.
 
 
 

Geriyə | Çap versiyası