xəbərlər

Polis Akademiyasında elmi nailiyyətlər artmaqda davam edir

05.04.2023

 Polis Akademiyasının Dil hazırlığı kafedrasının müəllimi, polis baş leytenantı Aynur Mətləb qızı Səfərli filologiya elmləri doktoru, professor Ramiz Baxşəli oğlu Əskərovun və filologiya elmləri doktoru Əhməd Məmməd oğlu Məmmədovun (Türkmənistan Elmlər Akademiyasının Məxdumqulu Fəraqi adına Əlyazmalar İnstitutunun elmi işçisi) elmi rəhbərliyi ilə “Türk xalqları ədəbiyyatı” ixtisası üzrə “Nurməhəmməd Əndəlibin yaradıcılığında dastançılıq ənənələri” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 17.03.2023-cü il tarixli qərarı ilə Aynur Səfərliyə  Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş və 05.04.2023-cü il tarixində diplom müəllifə təqdim olunmuşdur.

Qeyd edək ki, 2020-ci ilin may ayında cənab İlham Əliyevin (6 avqust 2007-ci il tarixli fərmanına əsasən) “Prezident təqaüdü”nə layiq görülmüş A.Səfərli ümumilikdə 14 kitabın, 80-ə yaxın elmi və publisistik məqalənin müəllifidir. 90-dan yuxarı respublika və beynəlxalq konfrans, simpozium və konqresin iştirakçısı olmuş müəllifin elmi əsərləri Türkiyə Cümhuriyyəti (Ankara, Antalya, Trabzon, Elazığ, Malatya, Qars, İzmir, Bursa, İstanbul, Düzcə, Karabük, Denizli, Samsun), Türkmənistan (Aşgabat), Qazaxıstan (Almaata, Nur Sultan), Özbəkistan (Nukus, Daşkənd), Ukrayna (Odessa), Rusiya Federasiyası (Ufa, Ural, Moskva), Pakistan (İslamabad) və s.ölkələrin beynəlxalq indeksli jurnallarında çap olunmuşdur.
Polis Akademiyasının kollektivi adından Aynur Səfərlini təbrik edir, işlərində və elmi fəaliyyətində uğurlar arzu edirik.
 
Geriyə | Çap versiyası