xəbərlər

DİN-in Polis Akademiyasında «Konstitusiya günü» və I kurs müdavimlərinin andiçmə mərasimi keçirildi.

12.11.2010

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilməsinin 15-ci ildönümü günündə Polis Akademiyasının I kurs müdavimləri «Polis Andı»nı qəbul etmişlər.
Saat 16.00-da şəxsi heyət əsas sıra meydanında düzülmüşdür. Polis Akademiyası rəisinin müavini, polis polkovniki Qabil Zamanov akademiya rəisi, polis general-mayoru cənab Ramiz Nağıyevə əvvəllər daxili işlər orqanlarında xidmət etməmiş I kurs müdavimlərinin and içmə mərasimi üçün düzülməsi barədə məruzə etdi.
Polis Akademiyasının rəisi və onu müşayiət edən şəxslər ulu öndər Heydər Əliyevin abidəsinin önünə əklil qoyduqdan və ümummilli  liderin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasim açıq elan olunmuşdur.
Tədbirin əvvəlində Dövlət Himni səslənmiş, I kurs müdavimləri ümumi sıradan çıxaraq müəyyən edilmiş yerləri tutmuş, müdavim Babək Nəsirov «Polis Andı»nın mətnini oxumuşdur.
Daha sonra akademiya rəisi şəxsi heyəti təbrik etmiş və gənclərə tövsiyələrini vermiş, I kurs müdavimi, Azərbaycan Respublikasının Prezidentinin təqaüdçüsü Yusif Hüseynov, valideyn Zirəddin Mehdiyev, II Dünya müharibəsinin və DİO veteranı Şamxal Əliyev, daxili işlər orqanlarının veteranı Nazim Jəfərli öz çıxışlarında hər kəsi bu şərəfli gün münasibətilə təbrik etmişlər.
Tədbirin yekununda şəxsi heyət təntənəli keçidlə əsas sıra meydanında addımlamış, «Polis Akademiyasının marşı» səslənərək mərasim sona çatmışdır.

Geriyə | Çap versiyası