xəbərlər

"31 mart–Azərbaycanlıların Soyqırımı günü" Polis Akademiyasında yad olundu

31.03.2011


 «31 mart – Azərbaycanlıların Soyqırımı günü»nün yad olunması ilə əlaqədar Polis Akademiyasında bir sıra tədbirlər həyata keçirilmişdir.

Klubda, ümumi kitabxanada və kursların yataqxanalarında «31 mart – Azərbaycanlıların soyqırımı günü»nü əks etdirən fotostendlər quraşdırılmış, divar qəzetlərində məqalələr dərc olunmuş, müdavim heyəti ilə «Azərbaycanlıların soyqırımı» mövzusunda yığıncaqlar keçirilərək həmin hadisələr barədə sənədli filmlər nümayiş etdirilmişdir.

29.03.2011-ci il tarixdə İstiqlal muzeyinin elmi işçiləri Samir Sadıqov və Elçin Sultanov ilə əyani fakültənin II kursunun müdavimlərinin görüşü keçirilmişdir. Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin  abidəsi önünə tər çiçəklər qoyulmuş, xatirə fotoşəkilləri çəkilmişdi. Öz çıxışlarında S.Sadıqov və E.Sultanov «Azərbaycanlıların Soyqırımı günü»nün tarixi və həmin hadisələr barədə çıxış etmiş, müdavimləri maraqlandıran sualları cavablandırmışlar.

30.03.2011-ci il tarixdə saat 16.00-da Polis Akademiyasının klubunda  Azərbaycan Pedaqoji Universitetinin elmlər doktoru, professor Şubay Nuruzadənin iştirakı ilə «31 mart – Azərbaycanlıların soyqırımı günü»nə həsr olunmuş tədbir keçirilmişdir.

İlk öncə bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan, onun müstəqilliyi yolunda fədakarlıq göstərən ümummilli lider, ulu öndər Heydər Əliyevin  abidəsi önünə tər çiçəklər qoyulmuş, xatirə fotoşəkilləri çəkilmişdi. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək tədbir açıq elan edilmişdir.

Tədbiri akademiya rəisi, polis general-mayoru cənab Ramiz Nağıyev açaraq 1918-ci ildə və sonrakı dövrlərdə erməni daşnakları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklər, soyqırımın tarixi və səbəbləri, bu cür hadisələrin qarşısının alınması üçün hər bir əməkdaş, dinləyici və müdavimin vətənpərvər mövqeyi barədə ətraflı məlumat verərək qonağı şəxsi heyətə təqdim etmişdir. Öz çıxışında Azərbaycan Pedaqoji Universitetinin tarix elmləri üzrə fəlsəfə doktoru, professor Şubay Nuruzadə erməni vəhşilikləri və xalqımıza qarşı törətdikləri soyqırımlar barədə şəxsi heyətə məlumat vermiş və onları maraqlandıran sualları cavablandırmışdır.
Geriyə | Çap versiyası