Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

DİN-in Polis Akademiyası 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

08.04.2022
Azərbaycan Respublikası DİN-in Polis Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən 2022-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya aşağıda göstərilən ixtisaslar üzrə qəbul elan edir: 



Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan daxili işlər orqanları əməkdaşları müsabiqə əsasında qəbul olunurlar.
Əməkdaşların sənədlərinin qəbulu və tədris işlərinin tərtibatı onların xidmət yeri üzrə həyata keçirilir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul olunmaq istəyən əməkdaş sənədlərin qəbulu üçün 11 aprel – 11 iyun 2022-ci il tarixlərində əsaslandırılmış raportla Azərbaycan Respublikasının daxili işlər nazirinə müraciət edir.

Raporta aşağıdakı sənədlər əlavə edilir:
1. şəxsiyyət vəsiqəsinin surəti;
2. tərcümeyi-hal
3. ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
4. çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat.
Əməkdaşın xidmət keçdiyi daxili işlər orqanında onun raportu və əlavə edilən sənədlər əsasında əməkdaşın tədris işi tərtib edilir. Tədris işinə əməkdaşın xidməti xasiyyətnaməsi, əmək kitabçasından çıxarış, kadrların uçotunun şəxsi vərəqəsi, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), əməliyyat-sorğu uçotları üzrə yenilənmiş yoxlama tələbnamələri üzrə məlumat əlavə edilir və Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir.
 Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi müsabiqədə iştirak üçün seçilən namizədlərin siyahısını müəyyən edir və Azərbaycan Respublikasının daxili işlər naziri ilə razılaşdıraraq Akademiyanın Müsabiqə komissiyasına təqdim edir.
Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu doktorantların nəzərdə tutulan elmi rəhbərlərinin də daxil olduğu Müsabiqə komissiyası tərəfindən müəyyən edilir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Polis Akademiyası tərəfindən cari ilin iyul ayında test üsulu ilə keçirilən xarici dil imtahanından keçid balını toplamalıdırlar.

Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Akademiya tərəfindən müəyyənləşdirilir.
Xarici dil imtahanında keçid balını toplayan şəxslər cari ilin sentyabr ayında test üsulu ilə keçirilən Fəlsəfə fənnindən imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
Fəlsəfə fənnindən məqbul alan şəxslər Akademiyanın müəyyən etdiyi tarixdə şifahi formada ixtisas imtahanına (1.Cinayət hüququ, kriminologiya; cəza-icra hüququ; 2.Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti)  buraxılırlar. İxtisas fənnindən qəbul imtahanını Akademiyanın rəisi tərəfindən yaradılan komissiya həyata keçirir.
Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, dissertant kimi təhkim olunmaq istəyən daxili işlər orqanları əməkdaşları azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Polis Akademiyası  tərəfindən cari ilin iyul ayında keçirilən xarici dil imtahanından keçid balını toplamalıdırlar.
Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.
Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.
Bütün imtahanların məzmunu (proqramı) Akademiyanın rəsmi saytında yerləşdiriləcəkdir.
Qəbul qaydaları haqqında ətraflı məlumatı Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsindən və rəsmi internet səhifəsindən (www.pa.edu.az) əldə etmək olar. Telefon: +99412 454-13-85; 454-34-57.