Bakı Xüsusi Orta Milis Məktəbinin fəaliyyəti dövrüdə kadrların peşə ustalığının artırılması üçün onların praktiki işdən ayrılmadan təhsil almasına şərait yaratmaq məqsədilə hələ 1947-ci ildə məktəbin nəzdində qiyabi şöbə yaradılmışdır. 1992-ci ildə Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Daxili İşlər Nazirliyinin Polis Akademiyası formalaşdırılır ki, onun da nəzdində qiyabi təhsil üzrə qrup fəaliyyət göstərmişdir. Akademiyanın ştat cədvəlinə edilən dəyişikliyə müvafiq olaraq qiyabi təhsil üzrə qrup Qiyabi şöbəyə çevrilmiş, 2001-ci ildə isə Qiyabi şöbənin bazasında Qiyabi təhsil fakültəsi yaradılmışdır.
Qiyabi fakültə DİN-in Polis Akademiyasının struktur bölməsidir. Fakültənin dəyişkən heyətlə komplektləşdirilməsi, qəbul imtahanları, müsabiqə və təhsilə qəbul qaydaları DİN-in müvafiq normativ aktlarına uyğun həyata keçirilir. Fakültənin işi Akademiya rəisinin təsdiq etdiyi plan üzrə aparılır. Hazırda Qiyabi təhsil fakültəsi ştat cədvəlinə müvafiq olaraq 5 əməkdaşdan, rəis, 1-baş inspektor, 2-inspektor və 1- operator (mülki) vəzifələrindən ibarətdir.
Dərs məşğələlərinin planlaşdırılması və təşkili, keyfiyyətinə nəzarət, dinləyicilərin zəruri dərslik, metodiki vəsait, proqram və digər tədris-metodik sənədlərlə təmin edilməsi, sərbəst işlərin icrasında dinləyicilərə köməklik, tədris planının dinləyicilər tərəfindən vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət, imtahan sessiyalarının, dövlət, buraxılış və qəbul imtahanlarının təşkili, Akademiyaya qəbulun şərtləri barədə DİO əməkdaşları arasında məlumatlandırma və maarifləndirmə işlərinin aparılması və digər tədrislə bağlı olan məsələlər Qiyabi təhsil fakültəsinin əsas vəzifəsi olmaqla, bu sahədə görüləcək işlər daim diqqət mərkəzində saxlanılır.
Dərslərin onlayn qaydada keçirilməsi istiqamətində görülən işlərin təkmilləşdirilməsi, bir sıra ölkələrin təhsil sistemində tətbiq olunan dərslərin distant üsulu ilə keçirilməsi praktikasının öyrənilməsi, təhsilin bu sahəyə inteqrasiya olunacağı təqdirdə distant tədrisə tam hazır olmaq kimi vacib məsələlər fakültə əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır.
Hazırda Qiyabi fakültədə kafedralar tərəfindən tədris olunan mövzulardan ibarət elektron tədris fondu yaradılmışdır. Fonda daxil edilən mövzuların dinləyicilər üçün nəzərdə tutulan tədris proqramına uyğunluğu, aktuallığı, müasir tələblər səviyyəsində olması yoxlanıldıqdan sonra elektron variantda təhsilalanların istifadəsinə verilir. Dinləyicilər Qiyabi fakültədə yeni yaradılan elektron ünvana daxil olmaqla həmin təhsil resurslarından yararlanırlar.