Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə » QƏBUL QAYDALARI

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Hüquqi aktların vahid elektron bazası
Hüquqi aktların dövlət reyestri
15202111260017 nömrəsi ilə qeydiyyata alınmışdır.


AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASI

QƏRAR

№ Q17-001-21

Bakı şəhəri                                                                                                                                            26 noyabr 2021-ci il


“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbulu Qaydası”nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin 5.5-ci bəndinə uyğun olaraq Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbulu qaydalarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.6-cı bəndini rəhbər tutaraq, Kollegiya

Q Ə R A R A  A L I R:

1. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbulu Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. DİN-in Polis Akademiyası - bu qərardan irəli gələn məsələlər həll olunsun.
3. Daxili İşlər Nazirliyinin 2017-ci il 5 dekabr tarixli Q50-001-17 nömrəli, 2018-ci il 3 fevral tarixli Q4-001-18 nömrəli, 2019-cu il 29 mart tarixli Q21-001-19 nömrəli və 2021-ci il 18 mart tarixli Q5-001-21 nömrəli qərarları ləğv olunsun.
4. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.
5. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

Kollegiyanın sədri
general-polkovnik    
Vilayət Eyvazov



 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2021-ci il 26 noyabr tarixli Q17-001-21 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbulu Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin 5.5-ci bəndinə əsasən hazırlanmışdır və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına (bundan sonra - Akademiya) qəbulu qaydasını tənzimləyir.
1.2. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, xüsusi rütbələr verilmiş, sıravi və kiçik, orta, böyük, ali rəis heyəti vəzifələrində işləyən və ya polisin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra – Daxili İşlər Nazirliyi) sisteminə daxil olan digər orqan və hissələrin kadrlarında olan Azərbaycan Respublikasının vətəndaşları daxili işlər orqanlarının əməkdaşları hesab olunurlar.
1.3. Daxili işlər orqanlarının əməkdaşları Akademiyaya ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbul edilirlər.
1.4. Daxili işlər orqanları əməkdaşlarının Akademiyaya qəbulunun əsas məqsədi daxili işlər orqanlarının yüksək ixtisaslı mütəxəssislərə tələbatının ödənilməsi, daxili işlər orqanlarının fəaliyyət istiqamətləri üzrə konseptual problemlərin tədqiq edilməsi, hüquq elminin müxtəlif sahələri üzrə fundamental və tətbiqi elmi araşdırmaların aparılması, habelə daxili işlər orqanlarının əməkdaşlarının şəxsi və peşəkar inkişafının stimullaşdırılmasıdır.
1.5. Daxili işlər orqanları əməkdaşlarının Akademiyaya qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak ödənişsizdir.
1.6. Müsabiqədə iştirak üçün namizədlərin seçilməsi Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən həyata keçirilir.
1.7. Daxili işlər orqanları əməkdaşlarının Akademiyada təhsili dövlət sifarişi (dövlət büdcəsinin vəsaiti) hesabına maliyyələşdirilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
1.8. Akademiya hər tədris ili üzrə daxili işlər orqanları əməkdaşlarının qəbulu üçün nəzərdə tutulan yerlərin müvafiq qəbul planlarında əks etdirilməsi məqsədilə tədbirlər görür.

 
2. Namizədlərin seçilməsi
2.1. Daxili işlər orqanları əməkdaşlarının Akademiyaya qəbulu işinin məqsədyönlü təşkili üçün Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən daxili işlər orqanlarının perspektiv inkişafı amillərinə müvafiq olaraq yüksək ixtisaslı mütəxəssislərlə komplektləşdirmə ehtiyaclarının beş illik proqnozu və daxili işlər orqanları əməkdaşlarının təhsilə cəlb edilməsi planı hazırlanır və Azərbaycan Respublikasının daxili işlər naziri ilə razılaşdırılmaqla təsdiq edilir. Bu sənədlərə hər iki ildən bir yenidən baxılır.
2.2. Akademiyaya qəbul üzrə müsabiqədə iştirak məqsədilə daxili işlər orqanları əməkdaşları sırasından namizədlərin seçilməsi üçün Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində sənəd qəbulu komissiyası yaradılır və onun iş qaydası müəyyən edilir.
2.3. Komissiyanın əsas vəzifəsi Akademiyaya qəbul üzrə müsabiqədə iştirak üçün müraciət etmiş namizədlərin Azərbaycan Respublikasının təhsil qanunvericiliyi və daxili işlər orqanlarında xidmət keçmə haqqında qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayaraq bu Qaydanın 2.1-ci bəndində qeyd edilən proqnoz və plana müvafiq olaraq siyahısını müəyyən etməkdir.
2.4. Sənəd qəbulu komissiyası hər il Akademiyaya daxili işlər orqanları əməkdaşlarının qəbulu barədə məlumatı Daxili İşlər Nazirliyinin rəsmi internet saytında dərc edir və nazirliyin sisteminə daxil olan qurumlara göndərir. Məlumatda ali təhsilin hər bir səviyyəsi üzrə qəbul üçün ayrılmış yerlərin sayı, qəbul şərtləri, təqdim edilməli olan sənədlərin siyahısı, namizədlərə dair tələblər, sənədlərin təqdim edilmə müddəti və üsulu, müsabiqənin keçirilmə tarixi göstərilir.
2.5. Müsabiqədə iştirak üçün seçilmiş namizədlərin sənədləri Akademiyanın Müsabiqə komissiyasına göndərilir.
2.6. Sənəd qəbulu komissiyası namizədlərin biliklərini və hazırlığını yoxlamır.

3. Müsabiqə komissiyası
3.1. Daxili işlər orqanları əməkdaşlarının Akademiyaya qəbulu üzrə müsabiqələrinin keçirilməsi üçün hər il azı 7 nəfərdən ibarət olmaqla Müsabiqə komissiyası yaradılır. Komissiyanın tərkibi sədr, sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla Akademiyanın rəisi tərəfindən təsdiq edilir.
3.2. Eyni şəxslərin təkrarən Müsabiqə komissiyanın tərkibinə daxil edilməsinə yol verilir. Komissiyanın işinə nüfuzlu hüquqşünaslar, alimlər və digər mütəxəssislər cəlb edilə bilərlər.
3.3. Müsabiqə komissiyanın əsas vəzifələri aşağıdakılardır:
3.3.1. namizədlərin tədris işlərini öyrənir;
3.3.2. Akademiyaya qəbul müsabiqələrini təşkil edir və həyata keçirir;
3.3.3. müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısını Akademiyaya qəbul olunmaq üçün təqdim edir;
3.3.4. Akademiyaya qəbul üzrə müsabiqənin nəticələrini təhlil edir və bu işin təkmilləşdirilməsi barədə təkliflər hazırlayır;
3.3.5. Akademiyaya qəbul ilə bağlı ərizə və şikayətlərə baxır.
3.4. Komissiya üzvlərinin aşağıdakı hüquqları vardır:
3.4.1. komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;
3.4.2. komissiyanın iclaslarında iştirak etmək, iclasın aparılmasına dair fikirlərini bildirmək, suallar vermək;
3.4.3. komissiyanın qərar, protokol və digər sənədləri ilə tanış olmaq;
3.4.4. qəbul edilməsi təklif olunan qərara dair fikir söyləmək;
3.4.5. qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, qərarla razılaşmadıqda xüsusi rəy vermək.
3.5. Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:
3.5.1. komissiyanın iclaslarını üzürsüz səbəbdən buraxmamaq;
3.5.2. komissiyanın iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;
3.5.3. komissiya üzvünün adına və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək;
3.5.4. komissiyanın iclaslarında baxılan məsələlər üzrə konfidensiallığa əməl etmək.
3.6. Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
3.6.1. tutduğu vəzifədən azad olunaraq sərəncama götürüldükdə;
3.6.2. öz arzusu ilə komissiya üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
3.6.3. daxili işlər orqanlarında xidmətdən xaric edildikdə;
3.6.4. bu Qaydanın 3.5-ci bəndində göstərilən vəzifələri icra etmədikdə;
3.6.5 vəfat etdikdə.
3.7. Komissiyanın üzvləri başqa vəzifəyə keçirildikdə, Akademiyanın rəisi tərəfindən onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi həll olunur.
3.8. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş komissiya üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq təyin edilir.
3.9. Komissiya öz fəaliyyətini iclaslar vasitəsi ilə həyata keçirir.
3.10. Komissiyanın iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə qabaqcadan məlumat verilir.
3.11. Sədr olmadıqda komissiyanın iclaslarına sədr müavini, o, olmadıqda isə komissiya üzvlərindən biri sədrlik edir.
3.12. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar iclaslarda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir.
3.13. Komissiyanın işinə qanunsuz müdaxilə yolverilməzdir.

4. Akademiyaya bakalavriat səviyyəsinə qəbul
4.1. Akademiyaya bakalavriat səviyyəsinə qəbul olmaq hüququna tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.
4.2. Əməkdaşların sənədlərinin qəbulu və tədris işlərinin tərtibatı onların xidmət yeri üzrə həyata keçirilir.
4.3. Akademiyaya bakalavriat səviyyəsinə qəbul olunmaq istəyən əməkdaş sənədlərin qəbulu üçün müəyyən edilmiş müddətdə əsaslandırılmış raportla Azərbaycan Respublikasının daxili işlər nazirinə müraciət edir.
4.4. Raporta aşağıdakı sənədlər əlavə edilir:
4.4.1. şəxsiyyət vəsiqəsinin surəti;
4.4.2. tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil haqqında sənədin əsli (yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayış (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”na 2 nömrəli əlavəyə uyğun);
4.4.3. Azərbaycan Respublikasında ali təhsil müəssisəsini bitirən əməkdaşlar həmin təhsil müəssisəsi tərəfindən verilən və ali təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayış (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”na 3 nömrəli əlavəyə uyğun);
4.4.4. hərbi biletin bütün səhifələrinin notariat qaydasında təsdiq edilmiş surəti.
4.5. Xarici ölkələrdə təhsil almış şəxslər bu Qaydanın 4.4-cü bəndində qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də təqdim edirlər.
4.6. Əməkdaşın xidmət keçdiyi daxili işlər orqanında onun raportu və əlavə edilən sənədlər əsasında tədris işi tərtib edilir. Tədris işinə əməkdaşın xidməti xasiyyətnaməsi, kadrların uçotunun şəxsi vərəqəsi, əməliyyat-sorğu uçotları üzrə yenilənmiş yoxlama tələbnamələri üzrə məlumat əlavə edilir və Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir.
4.7. Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi daxil olmuş tədris işlərini bu Qaydanın 2.3-cü və 4.1-ci bəndlərinin tələbləri baxımından öyrənərək müsabiqədə iştirak üçün seçilən namizədlərin siyahısını müəyyən edir və Azərbaycan Respublikasının daxili işlər naziri ilə razılaşdıraraq Akademiyanın Müsabiqə komissiyasına təqdim edir.
4.8. Müsabiqədə iştirak üçün seçilən namizədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə müvafiq tibbi şəhadətləndirilmədən keçirilir və onların fiziki hazırlığı Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 15-ci maddəsində müəyyən edilmiş qaydada yoxlanılır.
4.9. Tibbi şəhadətləndirmədən keçən və fiziki hazırlıq üzrə normativləri yerinə yetirən namizədlər Akademiyaya qəbul üzrə müsabiqədə iştiraka buraxılırlar.
4.10. Daxili işlər orqanları əməkdaşlarının Akademiyaya qəbulu üzrə müsabiqə informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə test üsulu ilə keçirilən qəbul imtahanından ibarətdir.
4.11. Qəbul imtahanı 100 sualdan ibarət olmaqla üç saat müddətində fasilə verilmədən keçirilir.
4.12. Qəbul imtahanında namizədlərə Azərbaycan dili, tarix, coğrafiya və ədəbiyyat fənləri üzrə hər birindən 25 sual təqdim edilir.
4.13. İmtahanda hər bir düzgün cavab “1” balla qiymətləndirilir - cəmi 100 mümkün bal. İmtahan sualına düzgün olmayan cavab və ya sualın cavabsız saxlanması “0” bala bərabərdir.
4.14. İmtahan sualları və onların cavabları konfidensiallıq təmin edilməklə mütəxəssislərin iştirakı ilə hazırlanır. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə edilə biləcək sualların sayından ən azı beş dəfə çox olmalıdır.
4.15. İmtahan suallarının məzmunu, imtahanın keçiriləcəyi günlər və imtahanın keçirilmə qaydası və texnologiyası, habelə minimal qəbul balı Akademiya tərəfindən müəyyən edilir.
4.16. Namizəd imtahanın keçirilməsi qaydasını pozduqda, o cümlədən saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi və digər elektron cihaz gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə, yaxud imtahan qaydalarına zidd hərəkətlərə və saxtakarlığa yol verdikdə bu barədə akt tərtib edilir və imtahandan kənarlaşdırılır. Onun imtahan nəticələri Müsabiqə komissiyası tərəfindən ləğv edilir.
4.17. İmtahanın nəticələri üzrə qəbul yerlərinin sayına müvafiq olaraq minimal qəbul balından az olmamaq şərtilə, ən yüksək bal toplayan namizədlər müsabiqədən müvəffəqiyyətlə keçmiş hesab olunur və Akademiyaya bakalavriat səviyyəsinə qəbul edilirlər.
4.18. Qəbul yerlərinin sayına müvafiq olaraq bərabər bal toplamış namizədləri biri-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla şəxsi nailiyyətləri və əlavə göstəricilər nəzərə alınır:
4.18.1. Azərbaycan dili və tarix fənləri üzrə toplanılan ballar;
4.18.2. ümumi təhsil pilləsini fərqlənmə ilə bitirmə;
4.18.3. Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunma;
4.18.4. Vətən müharibəsinin iştirakçısı olma;
4.18.5. şəhid övladı olma;
4.18.6. idman nailiyyətləri.
4.19. İmtahan nəticələrindən narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində mübahisəyə aydınlıq gətirilməsi üçün Müsabiqə komissiyasına müraciət edə bilər. Məsələ 3 gündən gec olmayaraq ərizəçinin iştirakı ilə araşdırılır. Bu müddəa namizədi inzibati və məhkəmə qaydasında şikayət etmək hüququndan məhrum etmir.
4.20. Müraciətin araşdırılmasının nəticəsi üzrə ərizəçiyə əsaslandırılmış rəsmi cavab verilir. Balların düzgün hesablanmadığı aşkar edildikdə yenidən hesablanma aparılır.

5. Akademiyaya magistratura səviyyəsinə qəbul
5.1. Akademiyanın magistraturasına qəbul olunmaq hüququna hüquqşünaslıq ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi olan şəxslər malikdirlər.
5.2. Əməkdaşların sənədlərinin qəbulu və tədris işlərinin tərtibatı onların xidmət yeri üzrə həyata keçirilir.
5.3. Akademiyanın magistraturasına qəbul olunmaq istəyən əməkdaş sənədlərin qəbulu üçün müəyyən edilmiş müddətdə əsaslandırılmış raportla Azərbaycan Respublikasının daxili işlər nazirinə müraciət edir.
5.4. Raporta aşağıdakı sənədlər əlavə edilir:
5.4.1. şəxsiyyət vəsiqəsinin surəti;
5.4.2. ali təhsil haqqında sənədi və ona əlavəni;
5.4.3. xarici ölkələrdə ali təhsil almış şəxslərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədləri.
5.5. Xarici ölkələrdə təhsil almış şəxslər bu Qaydanın 5.4-cü bəndində qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də təqdim edirlər.
5.6. Əməkdaşın xidmət keçdiyi daxili işlər orqanında onun raportu və əlavə edilən sənədlər əsasında tədris işi tərtib edilir. Tədris işinə əməkdaşın xidməti xasiyyətnaməsi, kadrların uçotunun şəxsi vərəqəsi, əməliyyat-sorğu uçotları üzrə yenilənmiş yoxlama tələbnamələri üzrə məlumat əlavə edilir və Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir.
5.7. Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi daxil olmuş tədris işlərini bu Qaydanın 2.3-cü və 5.1-ci bəndlərinin tələbləri baxımından öyrənərək müsabiqədə iştirak üçün seçilən namizədlərin siyahısını müəyyən edir və Azərbaycan Respublikasının daxili işlər naziri ilə razılaşdıraraq Akademiyanın Müsabiqə komissiyasına təqdim edir.
5.8. Daxili işlər orqanları əməkdaşlarının Akademiyanın magistraturasına qəbulu üzrə müsabiqə informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə test üsulu ilə keçirilən qəbul imtahanından ibarətdir.
5.9. Magistraturaya qəbul imtahanı namizədin ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
5.10. Qəbul imtahanında namizədin imtahan verəcəyi xarici dil onun tərəfindən ingilis, alman və ya fransız dilləri sırasından seçilir.
5.11. İmtahanların məzmunu, forması, aparılması qaydası və texnologiyası, minimal qəbul balı, davametmə müddəti, keçiriləcəyi yer və günlər Akademiya tərəfindən müəyyən edilir.
5.12. İmtahan sualları və onların cavabları konfidensiallıq təmin edilməklə mütəxəssislərin iştirakı ilə hazırlanır. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə edilə biləcək sualların sayından ən azı üç dəfə çox olmalıdır.
5.13. Namizəd imtahanın keçirilməsi qaydasını pozduqda, o cümlədən saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi və digər elektron cihaz gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə, yaxud imtahan qaydalarına zidd hərəkətlərə və saxtakarlığa yol verdikdə bu barədə akt tərtib edilir və imtahandan kənarlaşdırılır. Onun imtahan nəticələri Müsabiqə komissiyası tərəfindən ləğv edilir.
5.14. İmtahanın nəticələri üzrə qəbul yerlərinin sayına müvafiq olaraq minimal qəbul balından az olmamaq şərtilə, ən yüksək bal toplayan namizədlər müsabiqədən müvəffəqiyyətlə keçmiş hesab olunur və Akademiyanın magistraturasına qəbul edilirlər.
5.15. Qəbul yerlərinin sayına müvafiq olaraq bərabər bal toplamış namizədləri biri-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
5.15.1. ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;
5.15.2. xarici dil üzrə testdən toplanılan bal.
5.16. İmtahan balı eyni olan iki və daha çox namizədi biri-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı Akademiyanın magistraturasına qəbul edilirlər.
5.17. İmtahan nəticələrindən narazı qalan namizədlərin müraciətlərinə bu Qaydanın 4.19 və 4.20-ci bəndlərinə müvafiq baxılır.

6. Akademiyanın doktoranturasına qəbul
6.1. Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.
6.2. Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir.
6.3. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan şəxslər müsabiqə əsasında qəbul olunurlar.
6.4. Əməkdaşların sənədlərinin qəbulu və tədris işlərinin tərtibatı onların xidmət yeri üzrə həyata keçirilir.
6.5. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunmaq istəyən əməkdaş sənədlərin qəbulu üçün müəyyən edilmiş müddətdə əsaslandırılmış raportla Azərbaycan Respublikasının daxili işlər nazirinə müraciət edir.
6.6. Raporta aşağıdakı sənədlər əlavə edilir:
6.6.1. şəxsiyyət vəsiqəsinin surəti;
6.6.2. tərcümeyi-hal
6.6.3. ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
6.6.4. çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat.
6.7. Əməkdaşın xidmət keçdiyi daxili işlər orqanında onun raportu və əlavə edilən sənədlər əsasında əməkdaşın tədris işi tərtib edilir. Tədris işinə əməkdaşın xidməti xasiyyətnaməsi, əmək kitabçasından çıxarış, kadrların uçotunun şəxsi vərəqəsi, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), əməliyyat-sorğu uçotları üzrə yenilənmiş yoxlama tələbnamələri üzrə məlumat əlavə edilir və Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir.
6.8. Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi daxil olmuş tədris işlərini bu Qaydanın 2.3-cü və 6.3-cü bəndlərinin tələbləri baxımından öyrənərək, müsabiqədə iştirak üçün seçilən namizədlərin siyahısını müəyyən edir və Azərbaycan Respublikasının daxili işlər naziri ilə razılaşdıraraq Akademiyanın Müsabiqə komissiyasına təqdim edir.
6.9. Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu doktorantların nəzərdə tutulan elmi rəhbərlərinin də daxil olduğu Müsabiqə komissiyası tərəfindən müəyyən edilir.
6.10. Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə müsabiqə komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir.
6.11. Müsabiqə komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq namizədə bildiriş göndərir. Bildiriş Akademiyanın rəisi tərəfindən imzalanır və bu bildiriş xidmət yerindən məzuniyyət almaq hüququ verir.
6.12. Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.
6.13. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahanın keçirilmə və nəticələrinin qiymətləndirilməsi qaydası, habelə keçid balı Akademiya tərəfindən müəyyənləşdirilir.
6.14. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.
6.15. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Akademiya tərəfindən müəyyənləşdirilir.
6.16. Fəlsəfə fənni üzrə imtahanın məzmunu (proqramı), vaxtı və imtahanın keçirilmə qaydası Akademiya tərəfindən müəyyənləşdirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
6.17. İxtisas fənnindən qəbul imtahanı keçirmək məqsədi ilə Akademiyada müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır.
6.18. İxtisas fənnindən qəbul imtahanını Akademiyanın rəisi tərəfindən yaradılan komissiya həyata keçirir və imtahana yalnız fəlsəfə fənnindən “məqbul” alan şəxslər buraxılırlar.
6.19. İmtahan komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan elmi rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Komissiyanın sədri Akademiyanın rəisi, yaxud onun tədris və elmi işlər üzrə müavini təyin edilir. Bəzi ixtisaslar üzrə elmlər doktorları və professorlar olmadıqda, müvafiq olaraq komissiyanın tərkibinə fəlsəfə doktorları (elmlər namizədləri) və dosentlər daxil edilir.
6.20. Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.
6.21. Müsabiqə komissiyası imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edir. Qərar barədə məlumat namizədin ərizəsində göstərdiyi ünvana və ya elektron poçt ünvanına göndərilir. Komissiyanın qərarından razı olmayan namizəd qərar qəbul edildikdən və bu barədə məlumat aldıqdan sonra 3 (üç) iş günü müddətində Akademiyanın rəisinə apellyasiya ərizəsi ilə müraciət edə bilər. Akademiyanın rəisi 5 (beş) iş günü müddətində müraciətə baxmalı və əsaslandırılmış qərar qəbul etməlidir. Qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
6.22. Dissertasiyaların mövzularının təsdiq edilməsi və elmi rəhbərlərin təyin edilməsi doktoranturaya qəbul olunma haqqında qərar qəbul olunan gündən 6 aydan gec olmamaq şərtilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.
6.23. Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan əməkdaşlar qəbul edilirlər.
6.24. Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olunmaq istəyən əməkdaş sənədlərin qəbulu üçün müəyyən edilmiş müddətdə əsaslandırılmış raportla Azərbaycan Respublikasının daxili işlər nazirinə müraciət edir.
6.25. Raporta bu Qaydanın 6.6-cı bəndində sadalanan sənədlərlə yanaşı “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti də əlavə olunur.
6.26. Əməkdaşın xidmət keçdiyi daxili işlər orqanında bu Qaydanın 6.9-cu bəndinə müvafiq tədris işi tərtib olunur və Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir.
6.27. Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi daxil olmuş tədris işlərini bu Qaydanın 2.3-cü və 6.23-ci bəndlərinin tələbləri baxımından öyrənərək, müsabiqədə iştirak üçün seçilən namizədlərin siyahısını müəyyən edir və Azərbaycan Respublikasının daxili işlər naziri ilə razılaşdıraraq Akademiyaya təqdim edir.
6.28. Akademiyanın Elmi Şurası “Elmlər doktoru” elmi dərəcəsinə namizəd haqqında müvafiq şöbə, bölmə, kafedra və ya laboratoriyanın təqdimatı əsasında doktoranturaya qəbul, fərdi iş planı haqqında qərar qəbul edir.
6.29. Dissertasiyaların mövzularının təsdiq edilməsi və elmi məsləhətçilərin təyin edilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

7. Yekun müddəalar
7.1. Akademiyaya qəbul olunan əməkdaşlar Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə xidmət yerində tutduğu vəzifədə saxlanılmaqla Akademiyanın sərəncamına ezam edilirlər. Bu zaman onların əmlak və maliyyə təminatı tutduğu vəzifə üçün müəyyən edilmiş normalar həcmində saxlanılır.
7.2. Akademiyaya qəbul olunan əməkdaşlar Akademiyanın sərəncamına ezam edildikdən sonra Akademiya rəisinin əmri ilə dəyişən heyətin sıralarına daxil edilirlər.
7.3. Akademiyada təhsil alan əməkdaşların vəzifə və xidmət yerinin dəyişdirilməsinə, həmçinin ştat ixtisarı ilə əlaqədar xidmətdən xaric edilməsinə yol verilmir.
7.4. Təhsil müddətində əməkdaşlar tutduğu vəzifə üçün müəyyən edilmiş həddə növbəti xüsusi rütbəyə təqdim olunurlar.
7.5. Akademiyada təhsil alan əməkdaşlar Akademiya rəisinin səlahiyyətləri çərçivəsində mükafatlandırıla və ya intizam məsuliyyətinə cəlb edilə bilərlər.
7.6. Akademiyada təhsili müvəffəqiyyətlə başa vurmuş əməkdaşlar barədə məlumat ehtiyat kadrlar siyahısına daxil edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir, əməkdaşlar isə əvvəlki iş yerinə ezam edilirlər.
7.7. Daxili işlər orqanları əməkdaşlarının Akademiyaya qəbulu ilə bağlı bu Qayda ilə tənzimlənməyən məsələlər təhsil qanunvericiliyinə, Akademiyanın Nizamnaməsinə, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq tənzimlənir.


Geriyə