Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri davam etdirilir

26.09.2024
20 və 25 sentyabr 2024-cü il tarixlərində Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri keçirilib.

Akademiyanın Cinayət prosesi kafedrasında tədris olunan müxtəlif fənlər üzrə keçirilən mühazirə dərslərində qonaq qismində iştirak edən Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Analitik iş qrupunun baş təhqiqatçısı, polis polkovnik-leytenantı İlkin Əliyev  “Cinayət haqqında ərizə və məlumatların təhqiqat orqanları tərəfindən baxılması və həll edilməsi” və Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovniki İsmayıl Əliyev “İstintaq hərəkətləri” mövzuları üzrə mühazirələr oxuyublar.

Mövzulara əsasən qonaqlar tərəfindən kursantlara istintaq hərəkətlərinin anlayışı, növləri və sistemi, istintaq hərəkətlərinin aparılmasının əsasları, ümumi qaydaları və əhəmiyyəti, istintaq hərəkətlərinin keçirilməsinin taktiki üsulları, DİO-da cinayət haqqında ərizə və məlumatların qeydiyyatı, baxılması və qərarların qəbul edilməsi, təcrübədə bu sahədə mövcud nöqsanlar və onların həlli yolları, habelə 2024-cü ilin I yarımilliyi üzrə Respublika ərazi və xətt polis orqanlarının təhqiqat işinin əsas göstəriciləri və məhkəməyədək sadələşdirilmiş icraat materiallarının xüsusi çəkisi barədə ətraflı məlumatlar verilib.
Eyni zamanda kursantlara narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi, qanunsuz odlu və soyuq silah saxlanması faktları ilə bağlı ilkin sənədləşdirilmənin aparılmasına dair müvafiq tövsiyələr verilib və bu sahədə məhkəmə praktikasından müxtəlif misallar göstərilib.

Mütəxəssislərin iştirakı ilə keçirilən  mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.