Hər bir cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılıdır. Bütün dövrlərdə cəmiyyətin tələbatı təhsilin inkişafını sürətləndirmiş, elmi-texniki tərəqqi isə təhsil sistemi qarşısında həlli vacib daha mürəkkəb vəzifələr qoymuşdur.
Müstəqil Azərbaycanın təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq geniş vüsət almışdır. Prezident İlham Əliyevin təhsil sisteminə diqqət və qayğısı sahəsində Milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunaraq reallaşdırmağa başlanılmış, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülməkdədir. Bu tədbirlər içərisində təhsilin məzmununun yeniləşdirilməsi, yeni proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi kimi sahələr üstünlük təşkil edir.
Ölkəmizdə aparılan hüquq və təhsil islahatlarına müvafiq olaraq daxili işlər orqanları üçün kadrların hazırlanması işinin müasir tələlərə uyğun qurulması, tədrisin məzmun və formasının təkmilləşdirilməsi, nəzəriyyə ilə təcrübənin vəhdəti, qabaqcıl peaqoji təcrübənin mənimsənilməsi məqsədi ilə Polis Akademiyasında bir çox işlər görülmüşdür.
Qeyd etmək istəyirik ki, Polis Akademiyasının qarşısında duran əsas vəzifə daxili işlər orqanları üçün ali təhsilli mütəxəssislər hazırlamaq, kursant və dinləyicilərə hüquqi və mənəvi təlim-tərbiyəni, yüksək intizamı, idarəçilik və icraçılıq, mənəvi mətinlik və fiziki dözümlülük xüsusiyyətlərini aşılamaqdan ibarətdir.
Bu baxımdan Polis Akademiyasında tədris olunan fənlərə marağı artırmaq üçün dərslər mültimedia sistemlərindən, texniki öyrətmə
vasitələrindən, slayd və əyani vasitələrdən istifadə olunmaqla müasir növ xüsusi texniki vasitələr ilə təchiz olunmuş fənn kabinetlərində keçirilir. Bu da öz növbəsində dərslərin əyaniliyini daha da artımağa, kursant və dinləyicilərə praktiki bacarıq və vərdişlərin lazımi səviyyədə aşılanmasına imkan yaradır.
Azərbaycan Respublikası DİN-in Kollegiyasının 29 noyabr 2013-cü il tarixli KQ-5/2 nömrəli qərarının və 5 yanvar 2013-cü il tarixli Ə1-001-13 nömrəli əmrinin tələblərinə müvafiq olaraq Polis Akademiyasında kadr hazırlığı nəzəriyyə ilə təcrübənin vəhdəti əsasında təşkil edilməklə keçirilir. Kollegiya qərarlarının icrası məqsədilə “Cinayət prosesi” kafedrasının təşəbbüsü ilə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Nəzarət-Metodiki İdarənin baş müstəntiqi, polis polkovnik-leytenantı Qasımov Səbuhi Kamran oğlu əyani təhsil üzrə 19, 20 dekabr 2018-ci il tarixlərdə IV kursda iki gün mühazirə dərsinə cəlb olunmuşdur. Mühazirə “Cinayət prosesi” fənnindən “Cinayət işlərinə dair hüquqi yardım göstərilməsi” mövzusuna həsr edilmişdi. Səbuhi müəllim Azərbaycan Respublikasının ərazisində hüquqi yardım göstərilməsinin ümumi şərtləri, hüquqi yarımın gösrərilməsi üzrə həyata keçirilən hərəkətlər, hüquqi yardım haqqında sorğunun icra qaydası və s. bu kimi məsələrlə bağlı kursantlara geniş nəzəri və paktiki məlumatlar vermişdir. Dərsin sonunda kursantların istintaq sahəsi ilə bağlı sualları cavablandırıldı, onlara gələcək praktiki fəaliyyətdə cinayət-prosessual qanunvericiliyin tətbiqinə dair məsləhət və tövsiyələr verildi.