Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

DİN-in Polis Akademiyası ilə Azərbaycan Dillər Universiteti arasında protokol imzalanıb

01.10.2019
 Sentyabrın 30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Azərbaycan Dillər Universiteti (ADU) arasında təhsil və elm sahələri üzrə qarşılıqlı fəaliyyət haqqında Protokol imzalanıb.
ADU-nun rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla qonaqları Universitetdə görməkdən şad olduğunu bildirib. Rektor tərəflər arasında qarşılıqlı işgüzar əlaqələrin əsasının qoyulduğunu vurğulayaraq bildirib ki, həm müəllimlərin, həm gənc nəslin formalaşmasında bu müqavilənin böyük əhəmiyyəti olacaqdır. Bu, bir tərəfdən ölkə prezidentinin Azərbaycan dövlətçiliyinin, digər tərəfdən də ölkəmizin digər ölkələrlə əlqələrini möhkəmlətmə xəttinə  yönəlmiş səylərinin nəticəsidir. Bununla yanaşı, həmin istiqamətdəki əlaqələrin daha da möhkəmlənməsi üçün ölkədaxili universitetlərin bir-biri ilə münasibətlər qurmasına ehtiyac var. Bu istiqamətdə imzalanan Protokol tələbə və müəllimlər üçün son dərəcə vacib və effektiv inkişaf yolu olacaqdır.

 Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev Akademiyanın zəngin tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında ətraflı məlumat verib. ADU ilə Polis Akademiyası arasında əlaqələrin zəruriliyindən danışan rəis Azərbaycan vətəndaşına və dövlətinə xidmət edən mütəxəssislərin dil biliyinin bu gün vacib olduğunu deyib.  N.Əliyev eyni zamanda bildirdi ki, respublikamıza gəlmiş əcnəbi vətəndaşlarla ünsiyyət qurmaq məqsədilə polis əməkdaşlarının xarici dil bilmələri zamanın tələbinə çevrildiyindən DİN rəhbərliyi bu məsələni Akademiyanın qarşısında tələb kimi qoymuşdur. Bu məqsədlə polislərin dil biliyinə malik olmalarında Dillər Universitetinin əməkdaşlarının mühüm rolu olacaqdır.

Qeyd edək ki, Protokolun imzalanmasında məqsəd təhsil və elm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərərək hər iki təhsil müəssisəsi, həmçinin onların elmi, elmi-pedaqoji kollektivləri, tələbələri (kursantları), aspirantları (adyunktları) və doktorantları arasında təmasların qurulmasıdır.
 Protokolda tərəflər arasında Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq təcrübə mübadiləsi, məqsədyönlü işçi əməkdaşlıq proqramları ilə nəzərdə tutulan miqdar, tərkib və müddətlərdə elmi-pedaqoji qrupların və tələbələrin (kursantların) mübadiləsi, dissertasiyalar üzərində çalışan doktorant, aspirant (adyunkt) və iddiaçıların müvafiq elmi dərəcələr alması, elmi, tədris və metodiki dərclər və nəşrlər, tədris fənnlərinin proqramları, iş planları və təlim-tədris texnologiyaları, qarşılıqlı maraq kəsb edən, əvvəlcədən razılaşdırılmış mövzu üzrə birgə elmi tədqiqatların aparılması, elmi tədqiqatların və məqalələrin birgə nəşri, elmi-texniki və metodiki layihələrin hazırlanması, elmi tədqiqatların nəticələrinə qarşılıqlı rəy verilməsi, dil hazırlığı sahəsində birgə elmi tədbirlərin keçirilməsi və s. nəzərdə tutulub.