Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının magistrantı Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlərin aktual problemləri” mövzusunda keçirilən respublika elmi-praktik konfransında iştirak etmişdir

29.10.2019
 Oktyabr ayının 25-də Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlərin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilmişdir. Polis Akademiyasının magistratura pilləsi üzrə II kurs dinləyicisi, polis leytenantı Ata Vəliyev tədbirdə iştirak edərək Akademiyanı təmsil etmişdir.
Konfransda ölkənin 10 universitetindən və 3 akademiyasından, AMEA-nın 8 institutundan, bölgələr üzrə 4 universitetdən və 4 xarici ali təhsil müəssisəsindən nümayəndələr, eləcə də, politoloq, millət vəkili Rasim Musabəyov, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili professor Musa Qasımlı, ictimai-siyasi xadim, hüquqşünas, millət vəkili Çingiz Qənizadə, politoloq, siyasi şərhçi, millət vəkili Elman Nəsirov və digər ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla Azərbaycanın bu gün beynəlxalq münasibətlərdə önəmli yer tutduğunu, Prezident İlham Əliyevin Azərbaycanın cəsarətlə, siyasi iradə ilə irəliləməsi, dünya ölkələri arasında özünə layiqli yer tutması üçün əlindən gələni müvəffəqiyyətlə etdiyini tədbir işitrakçılarının nəzərinə çatdırmışdır.
Polis Akademiyasının magistratura pilləsi üzrə II kurs dinləyicisi, polis leytenantı A.Vəliyev tədbirdə “Azərbaycan müasir beynəlxalq hüququn subyekti kimi” mövzusunda çıxış edərək ölkəmizin beynəlxaq münasibətlərində iştirakının hüquqi aspektlərini, eləcə də beynəlxalq səviyyəli normativ hüquqi aktların ölkə qanunvericliyinə implementasiyası qaydasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. A.Vəliyevin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış, iştirakçıların çıxış ətrafında sualları cavablandırılmışdır.

 Konfrans öz işini “Heydər Əliyev irsi və beynəlxalq münasibətlər”, “Beynəlxalq münasibətlər: tarix və müasirlik”, “Beynəlxalq və regional təhlükəsizlik problemləri”, “Beynəlxalq sosial-iqtisadi və mədəni-humanitar əlaqələr”, “Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzularında bölmə iclasları ilə davam etdirmiş, bölmələrin işində ümumilikdə 156 tezis müzakirə olunmuşdur. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilmişdir.