Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının nümayəndə heyəti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq görüşü keçiriblər

06.11.2019
 Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımovla əməkdaşlıq görüşündə olublar. Görüşdə Akademiyanın nümayəndə heyətində Akademiya rəisinin birinci müavini, polis polkovniki Canpolad Daanov, Akademiya rəisinin tədris və elmi işlər üzrə müavini, polis polkovniki, professor Mahir Əhmədov və Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Hikmət Eyvazov, Bakı Ali Neft Məktəbinin prorektorları, şöbə və kafedra rəhbərləri iştirak ediblər.

Görüşün məqsədi təhsil və elm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, hər iki təhsil müəssisəsi, həmçinin onların elmi-pedaqoji kollektivləri arasında sıx əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması olubdur.
Polis Akademiyasının nümayəndə heyəti əvvəlcə BANM-in tədris binasında tələbələrin hərtərəfli təhsil alması üçün yaradılan şəraitlə, tədris otaqları, çoxfunksiyalı laboratoriyaları, muzey, server otaqları və idman zalları ilə yaxından tanış olublar.
Rektor Elmar Qasımov Akademiyanın nümayəndə heyətini salamlayaraq Ali Məktəbdə görməkdən şad olduğunu bildirib.
Daha sonra o, Ali Məktəbin yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar, tədris prosesi, yeniliklər barədə ətraflı məlumat verib. E.Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbində yüksəkixtisaslı ingilisdilli mühəndis kadrları hazırlanır.
 Ali Məktəbdə beynəlxlaq tədris proqramlarına əsasən tədris aparıldığını qeyd edən rektor Böyük Britaniyanın Heriot-Vatt, ABŞ-ın Corc Vaşinqton Universiteti, İsveçrənin Cenevrə Biznes Məktəbi ilə sıx əməkdaşlıq edildiyini, tələbə və təcrübə mübadiləsi həyata keçirildiyini bildirib. Bundan başqa, rektor BANM tələbələrinin nüfuzlu yerli və transmilli şirkətlərdə istehsalat təcrübəsi keçdiyini vurğulayaraq, məzunların hər birinin işlə təmin olunduğunu bildirib.
Bildirildi ki, 2018-ci ildən etibarən Bakı Ali Neft Məktəbində “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə qəbul həyata keçirilir. E.Qasımov onu da qeyd etdi ki, cari tədris ilində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin 2 ixtisası - İnformasiya təhlükəsizliyi - 673,5 bal, Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 657,8 bal olmaqla, növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisasları olub.
Rektor həmçinin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bu il Bakı Ali Neft Məktəbinin yüksək bal toplayan 23 tələbəsinin Prezident təqaüdünə layiq görüldüyünü diqqətə çatdırıb.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev Akademiyanın tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında ətraflı məlumat verib. BANM ilə Polis Akademiyası arasında əlaqələrin zəruriliyindən danışan rəis Azərbaycan vətəndaşına və dövlətinə xidmət edən mütəxəssislərin informasiya təhlükəsizliyi sahəsində biliklərinin də vacib olduğunu deyib.

 N.Əliyev bildirib ki, Polis Akademiyası yarandığı vaxtdan “Hüquqşünaslıq” ixtisası üzrə qəbulunu həyata keçiribdir. Bu ildən isə Akademiyada “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə əyani təhsilə kursantların birinci qəbulu həyata keçirilib. Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunmasının qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ aktlar qəbul edilib və sərəncamlar imzalanıb. Akademiya rəisi bu məqsədlə qeyd edib ki, informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə sahəsində nəzəri biliklərin artırılması üçün həmin sahədə mütəxəssislər hazırlayan ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi zəruridir.
Sonda təcrübə mübadiləsi, məqsədyönlü işçi əməkdaşlıq proqramları ilə nəzərdə tutulan elmi-pedaqoji qrupların və tələbələrin mübadiləsi, tədris fənlərinin proqramları, iş planları və təlim-tədris texnologiyaları, qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə əlaqələrin intensivləşdirilməsi qərara alınıb.