Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında “9 noyabr – dövlət bayrağı günü”nə həsr olunmuş tədbir keçirilib

07.11.2019
 Noyabrın 5-də Polis Akademiyasında “9 noyabr – Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Polis Akademiyasının professor-müəllim heyəti, 1-ci kursun kursantları və veteranlar iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və bayraq gününə həsr olunmuş video çarx təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev bu əlamətdar gündə veteranların iştirakını minnətdarlıqla qeyd edərək bayram münasibəti ilə iştirakçıları təbrik edib, dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrətinin rəmzi olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını vurğulayıb, Heydər Əliyevin siyasi kursunun davamçısı prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edildiyini qeyd edib.

Sonra çıxış edən Polis Akademiyasının sabiq rəisi, polis general-mayoru Rəsul Rəsulov qeyd edib ki, 9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın həyatında əlamətdar və müqəddəs bir gündür. Bayraq-tariximiz, keçmişimiz, bu günümüz, müqəddəs dövlət rəmzimizdir. Azərbaycan xalqı zaman-zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə aparıb. Xalqımız, millətimiz canı, qanı hesabına öz müstəqil dövlətini qurub, öz üçrəngli bayrağını ucaldıb. Biz bu gün bu üçrəngli bayrağın ətrafında birləşmişik. Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımız dünyanın müxtəlif mötəbər və nüfuzlu beynəlxalq təşkilatlarında, elm, mədəniyyət mərkəzlərində dalğalanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla gerçəkləşdirdiyi mütərəqqi və praqmatik siyasət ölkəmizin beynəlxalq siyasi nüfuzunun yüksəlməsini, dünya birliyində öz layiqli yerini tutmasını təmin edib. Eyni zamanda R.Rəsulov çıxışının sonunda gənc kursantlara xidməti və həyat fəaliyyətində təşəbbüskar, kreativ və yenilikçi olmağı arzulayıb.

 Polis Akademiyasının sabiq rəisi, polis general-mayoru Ramiz Nağıyev çıxış edərək bildirib ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ona görə də özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bizim milli qürurumuzdur. R.Nağıyev eyni zamanda DİN-in və Akademiyanın rəhbərliyinə veteranlara verilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək, respublikamızda sabitliyin təmin olunmasında, gənc nəslin dövlət və xalqa şərəfli xidmətində dəstək olunmasında veteranların rolunun da böyük əhəmiyyətinin olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Bayrağımızın tarixi barəsində veteran, polis polkovniki, tarixçi Tahir Behbutov qeyd edib ki, 1918-ci il iyun ayının 24-də Dövlət Bayrağı haqqında ilk qərar verilərək üzərində ağrəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq Dövlət Bayrağı kimi qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq aypara və səkkizguşəli ulduz qalmaqla üçrəngli – mavi, qırmızı və yaşıl zolaqlardan ibarət bayraqla əvəz edilib. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilib. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında qaldırılıb. Həmin sessiya Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Fərmanı ilə 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan edilib.

 DİN-in Veteranlar Şurasının sədri Fərhad Süleymanov qeyd edib ki, müasir müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin təşəbbüsü və əvəzsiz səyləri ilə Azərbaycan Xalq Cümhuriyyətinin ülvi yadigarı, 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasında ikinci dəfə təsdiq edilmiş üçrəngli dövlət bayrağı rəsmi dövlət rəmzi olmaqla yanaşı, milli həmrəyliyin, azərbaycançılıq məfkurəsinin ətrafında bütün vətənpərvər soydaşlarımızın sıx birləşməsinin başlıca amillərindəndir. Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə Dövlət Bayrağı Gününün təsis edilməsi, dövlətimizin başçısının bilavasitə göstərişi ilə paytaxt Bakıda və respublikamızın bölgələrində dövlət bayrağının vüqarla dalğalanması üçün yaradılmış və Prezidentin şəxsən iştirakı ilə istifadəyə verilən möhtəşəm meydanlar, muzeylər və komplekslər qəlbi hər zaman Azərbaycanla döyünən vətəndaşların qürur, and və milli özünüdərk yeridir.

Kursant yoldaşları adından çıxış edən Akademiyanın 4-cü kurs kursantı İlkin Qolçini veteranların mütəmadi olaraq təcrübə dərslərində, Akademiyanın bütün tədbirlərində fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirib, eyni zamanda vətənpərvər bir şəxsiyyət kimi formalaşmaqda veteranların verdiyi bütün tövsiyələri yerinə yetirəcəklərinə söz verib.
Tədbirin sonunda veteranlarla kollektiv şəkil çəkdirilib və çay süfrəsində müzakirələr davam etdirilib.