Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının nümayəndə heyəti Bakıda ilk dəfə keçirilən “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfransda iştirak ediblər

20.11.2019
 Noyabrın 15-də Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və AMEA Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə Bakıda “Süni intellekt və insan hüquqları” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini, professor Mahir Əhmədov, Akademiya rəisinin tədris və elmi işlər üzrə köməkçisi, dosent Səməd Hümbətov və Akademiyanın Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, dosent Hikmət eyvazov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov Azərbaycanın nailiyyətlərini dünya ölkələri ilə bölüşmək, həmçinin məhkəmə-hüquq sahəsində süni intellektin və informasiya texnologiyalarının tətbiqinə dair beynəlxalq təcrübəni öyrənmək məqsədilə təşkil olunan konfransın əhəmiyyətini vurğulayıb. O, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatında dünya elminin müasir nailiyyətlərinin tətbiq edildiyini, Azərbaycanın üç peykinin kosmosa göndərildiyini, “İntellektual nəqliyyat” sisteminin yaradıldığını bildirib.

Daha sonra AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə çıxış edərək süni intellekt və robotlardan istifadənin hüquq elmində tamamilə yeni bir istiqamət formalaşdırdığını, hüquq və insan haqları kontekstində süni intellektin cəmiyyətdə yeni çağırışlar edən mühüm məsələ olduğunu qeyd edib.
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, hüquq üzrə elmlər doktoru Ramin Qurbanov çıxışında süni intellektin tətbiqinin insan hüquqlarına birbaşa təsir göstərə biləcəyini, Avropa Şurasının üzv dövlətlərində olduğu kimi Azərbaycanda da süni intellektin hüquq sistemində tətbiq edilməsinin vacibliyini və ölkə başçısının məhkəmə-hüquq sisteminə göstərdiyi diqqətin nəticəsi olaraq bu gün Azərbaycanın məhkəmə sisteminin rəqəmsallaşdırılması istiqamətində irihəcmli işlərin görüldüyünü vurğulayıb.

Beynəlxalq konfransda süni intellektin məhkəmə və özəl icra sistemlərində tətbiqinə dair Avropada mövcud olan təcrübələr, rəqəmsallaşma sahəsində son yeniliklər, eləcə də Azərbaycanın milli qanunvericiliyi və bu sahədəki perspektivlər, qarşıda duran vəzifələr, rəqəmsal ədliyyəyə keçid kimi mühüm mövzular ətrafında müzakirələr aparılıb.