Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə bağlı Daxili İşlər Nazirliyinin Polis Akademiyasında anım mərasimi keçirilib

11.12.2019
 10 dekabr 2019-cu il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə bağlı silsilə tədbirlərin davamı olaraq Daxili İşlər Nazirliyinin Polis Akademiyasında anım mərasimi keçirilib. Əvvəlcə qonaqlar və akademiyanın əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək, Polis Akademiyasının həyətində ucaldılmış abidəsi önünə əklil qoyublar.
Mərasim ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin və polis əməkdaşlarının xatirəsinin anılması ilə başlayıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra tədbiri açan Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev Ulu Öndərin siyasi fəaliyyəti, dövlət idarəçiliyindəki qətiyyəti, cəsarəti, eləcə də çoxşaxəli fəaliyyəti ilə böyük bir məktəb yaratdığını, zəngin irs qoyduğunu vurğulayıb. N.Əliyev dahi şəxsiyyətin ali hakimiyyətə qayıdışından sonra ölkəmizdə siyasi və iqtisadi sabitliyin bərqərar olduğunu, insan hüquq və azadlıqlarının təminində normativ-hüquqi bazanın yaradıldığını, konstitusiyamızın məhz Ümummilli Liderin rəhbərliyi ilə hazırlandığını, cinayətkarlığın qarşısının alınması istiqamətində mühüm nəticələrin əldə olunduğunu qeyd edib.

 Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Ulu Öndərin Azərbaycan tarixinin öyrənilməsindəki əvəzsiz xidmətlərindən danışaraq onun dilimizin qorunması üçün də atdığı addımları, dövlətçiliyimizin siyasi-ideoloji əsaslarını və milli inkişaf konsepsiyasını hələ sovetlər dönəmində yaratdığını, məhz onun rəhbərliyi ilə xalqımızın həqiqi dövlət müstəqilliyinə qovuşduğunu xüsusi vurğulayıb.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi, general-mayor İlqar Məmmədov ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ordu quruculuğumuza mühüm töhfə olduğunu deyərək, bugünkü Silahlı Qüvvələrimizin regionun ən güclü ordusu kimi formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıb.
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və digər çıxış edənlər Ümummilli Liderimizin siyasi fəaliyyətinin, onun Azərbaycanın inkişafına yönəlmiş ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, ölkəmizin dünya dövlətləri sırasında layiqli yerini tutduğunu diqqətə çatdırıblar.
Sonra ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.