Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Avropa Şurasının dəstəyi ilə“Daha yaxşı sax¬lama xidməti üçün standartların tətbiqi və saxlanılan şəxslərin hüquqlarına hörmət” mövzusunda təlim keçirilmişdir

27.04.2022
 Avropa Şurasının dəstəyi ilə 26-27 aprel 2022-ci il tarixlərində DİN-in “Xəzri” istirahət və sağlamlıq Mərkəzində müvəqqəti saxlama yerlərinin əməkdaşları üçün “Daha yaxşı saxlama xidməti üçün standartların tətbiqi və saxlanılan şəxslərin hüquqlarına hörmət” mövzusunda iki günlük təlim sessiyası keçirilmişdir.

Təlimin birinci gününün açılışında Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes tədbir iştirakçılarını salamlayaraq təlim sessiyasının əsas məqsədi haqqında məlumat vermişdi. Daha sonra Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması vəziyyəti haqqında iştirakçılara məlumat vermişdi. O, qeyd etdi ki, əldə olunan bütün müsbət nəticələr məqsədyönlü şəkildə aparılan sosial-iqtisadi layihələrin nəticəsidir.

Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov Avropa Şurasının əməkdaşlarına göstərdikləri dəstəyə görə minnətdarlığını bildirərək daxili işlər orqanlarının müvəqqəti saxlama yerlərinin fəaliyyətinin əsas istiqamətləri, təyinatı və bu sahədə işin göstəriciləri haqqında informasiyanı iştirakçıların diqqətinə çatdırmışdı.

Təlim sessiyasının rəsmi hissəsindən sonra müvafiq mövzular üzrə təqdimatlar həyata keçirildi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev “Avropa Şurasının standartları: əhəmiyyəti və əsasları”, Avropa Komitəsinin bölmə rəhbəri Boris Vods “Şəxsin həbsdə saxlanılması zamanı yaranan ümumi hüquqi və etik məsələlər”, Polis Akademiyası “Daxili işlər orqanlarının inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov “Müvəqqəti saxlama yerlərinin fəaliyyətinin əsasları və saxlama qaydası", Avropa Şurasının eksperti Jan Vullerme “Həbsdə saxlamanın və qaydaların standartları”, Avropa Şurasının eksperti Corc Alempiyeviç “Həbs yerlərinə daxil olarkən tibbi müayinə”, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin Müvəqqəti saxlama yerlərində xidmətin təşkilinə nəzarət şöbəsinin rəisi, polis polkovniki Pərviz Həmzəyev “Müvəqqəti saxlama yerlərində tibbi müayinə qaydası”, Avropa Şurasının eksperti Musa Xasanov “Müvəqqəti saxlama yerlərində pis rəftarla bağlı işlərin müzakirəsi” mövzusunda çıxış etdilər və günümüz üçün aktual olan zəruri məsələlərin təlim iştirakçıları ilə müzakirəsini apardılar.
Təlimin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, təcrübi fəaliyyətdə rast gəlinən problemlərlə bağlı disskusiyalar aparılmışdı.