Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Mayın 10-da Polis Akademiyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı konfrans keçirilib

10.05.2022
 Polis Akademiyasında 10 may 2022-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” mövzusunda konfrans keçirilmişdir. Konfransda Akademiyanın rəhbərliyi, müəllim-zabit heyəti, DİN-in veteranı, əyani fakültənin kursantları iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.
Akademiyanın akt zalında keçirilən konfransda Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş hüquq-mühafizə orqanları əməkdaşlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

 Akademiya rəisi C.Daanov tədbir iştirakçılarını salamlayıb, Ulu öndərin həyat yolundan danışıb. Qeyd edib ki, Ulu öndər bütün həyatını Azərbaycan xalqına və onun müstəqilliyinə həsr edib. Ona görə də Heydər Əliyevin misilsiz xidmətləri bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirib. Bu məqsədlə Heydər Əliyev tarixi şəxsiyyət kimi Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır. C.Daanov konfransın əhəmiyyətindən qeyd edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konfransın məqsədi Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.

Konfransda “İctimai elmlər” kafedrasının rəisi, t.ü.f.d., polis polkovnik-leytenantı Rəhim Məcnunov Ulu öndərin həm sovet dönəmində, həm də dövlət müstəqilliyimizin ilk illərində ölkəmizin və xalqımızın müqəddəratının tənəzzüldən tərəqqiyə doğru apardığı siyasət haqqında, “Daxili işlər orqanlarının inzibati fəaliyyət” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent, polis polkovniki Rafiq Nəcəfquliyev dahi şəxsiyyətin elmə və təhsilə verdiyi önəm barədə çıxış ediblər.
Daxili İşlər Nazirliyinin veteranı, istefada olan polis polkovniki Rahib Qarayev Ulu öndərlə olan görüşlərdən söz açıb, xatirələrini bölüşüb.

Konfransda Əyani fakültənin IV kursun kursantları Sənan Mirzəyev və Məhəmməd Zeynalov, III kursun kursantı  Gülnur Məmmədzadə Ulu öndərin gənclərə göstərdiyi xüsusi diqqət və qayğısı, gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı mövzularda çıxış ediblər. Qeyd edilib ki, Ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür.
Konfrans öz işini müzakirələrdən sonra başa çatdırıb.