Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında DİN-in veteranı, istefada olan polis polkovniki Rahib Qarayevin “Qanlı hekayətlər” adlı kitabının təqdimatı keçirilib

10.05.2022
 Mayın 10-da  Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanovun təşəbbüsü ilə DİN-in  veteranı, istefada olan polis polkovniki Rahib Qarayevin “Qanlı hekayətlər” adlı kitabının Akademiyanın kitabxanasında təqdimatı keçirilib. Təqdimatda Akademiyanın müəllimləri və kursantları iştirak ediblər.

“Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin rəisi, polis polkovniki Hikmət Eyvazov  Rahib Qarayevin xidməti fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, R.Qarayev 1984-cü ildə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə qəbul olunub. 1996-cı ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib və daxili işlər orqanlarında xidməti dövründə bir çox mükafatlara, o cümlədən 2007-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Sonra söz müəllifə verilib.  DİN-in veteranı, istefada olan polis polkovniki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rahib Qarayev qeyd edib ki, "Qanlı hekayətlər" onun sayca üçüncü kitabıdır. Bu kitab Azərbaycan polisinin respublikada törədilən cinayətlərin açılmasındakı fəaliyyətini işıqlandıran sənədli hekayətlər toplusudur. Hekayətlərin hər birində zərərçəkmişin də, təqsirləndirilən şəxsin də, hadisələrin baş verdiyi bəzi qəsəbə və kəndlərin də adları etik norma daxilində şərti olaraq verilib. Lakin bununla belə cinayətlərin "isti izlər"lə açılmasında və təqsirləndirilən şəxslərin operativ şəkildə tapılıb tutulmasında iştirak edən polislərin adları və vəzifələri olduğu kimi dəqiqliklə göstərilib.
Kitabda "Qəddarlıq", "Balta qan içində idi", "Surqutdan gələn ölüm", "Atəş  səsi meşədən gəlirdi", “Polis paqonundakı ulduz işığı” və s. səs-küylü cinayətlər qələmə alınıb. 

Tədbir iştirakçılarından Tədris-metodiki şöbənin rəisi, polis polkovniki Fərhad Əliyev, “İctimai elmlər” kafedrasının rəisi, polis polkovnik-leytenantı, tarix üzrə fəlsəfə doktoru Rəhim Məcnunov, Beynəlxalq əməkdaşlıq bölməsinin rəisi, polis polkovnik-leytenantı Elçin Orucov və “Dil hazırlığı” kafedrasının müəllimi Fərqanə Əliyeva kitabda Azərbaycanda qeydə alınan ağır və xüsusilə ağır cinayətlərdən bəhs olunması  və həmin hadisələrin oxuculara sənədli hekayələr formasında təqdim edildiyini bildiriblər və müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə iştirak edənlərə Rahib Qarayev müəllifi olduğu “Qanlı hekayətlər” kitabına ürək sözlərini qeyd edərək oxucularına, həm də Polis Akademiyasının  Kitabxanasına  hədiyyə edib.