Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının əməkdaşı AMEA-nın Şərqşünaslıq İnstitutunda keçirilmiş beynəlxalq elmi konfransda iştirak etmişdir

26.10.2022
 Oktyabrın 26-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda türk ədəbiyyatının görkəmli nümayəndəsi Nazim Hikmətin anadan olmasının 120 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
“Nazim Hikmət - 120” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının elm və təhsil müəssisələrinin alimləri ilə yanaşı, Türkiyə, Misir və İraqdan gələn alimlər də iştirak ediblər.
Konfransı AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq XX əsr dünya ədəbiyyatının böyük şairlərindən olan Nazim Hikmətin təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərdiyini deyib. Şairin iztirablı həyat yolundan danışan akademik onun yaradıcılığından söz açarkən Azərbaycanla bağlı əsərlərinə xüsusi diqqət çəkib.

Konfransda Nazim Hikmətin yaradıcılığı ilə bağlı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat və Şərqşünaslıq institutlarının əməkdaşlarının da elmi məruzələri dinlənilib.
Polis Akademiyasını beynəlxalq elmi konfransda Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin baş inspektor-korrektoru, polis baş leytenantı Aynur Səfərli təmsil edib. O, “Nazim Hikmət və Azərbaycan ədəbiyyatı” adlı məruzə ilə çıxış edərək, türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirən, türk poeziyasına sərbəst şeir vəznini gətirən novator şair, Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu Nazim Hikmətin müasir türk ədəbiyyatına güclü təsirindən bəhs etmiş, Azərbaycanın şair və yazıçıları ilə olan yaxın dostluq və yaradıcılıq əlaqələri barədə geniş məlumat vermişdir.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.