Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında bilik yarışı keçirilmişdir

27.10.2022
 27 oktyabr 2022-ci il tarixində Polis Akademiyasında «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda bilik yarışı keçirilmişdir. Bilik yarışının təşkil edilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, gənc nəslə aşılanması ilə yanaşı onların elmə, maarifləndirici yarışlara marağının artırılmasını təmin etmək, intellektual səviyyələrini yüksəltməkdir. «İctimai elmlər» kafedrası nəzdində fəaliyyət göstərən «Kursant İntellektual Klubu» tərəfindən təşkil edilən yarışda Akademiyanın Əyani fakültəsində təhsil alan I-V kurs kursantlarının 6 nəfərdən ibarət 11 komandası iştirak etmişdir. Həmçinin, bilik yarışında “İxtisasartırma” fakültəsinin dinləyiciləri olan zabitlərdən ibarət komanda da mübarizə aparmışlar.

Tədbiri giriş sözü ilə Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov açaraq yarış iştirakçılarını salamladı və uğurlar arzuladı. Bilik yarışının keçirilməsinin əhəmiyyətindən danışan C.Daanov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsinin və təbliğinin vacibliyini  qeyd edərək, bu irsin Akademiyada təhsilalanlara aşılanmasının zəruri olduğunu vurğulamışdır. 3 mərhələdə keçirilən yarışda hər mərhələdə komandalara  12 sual ünvanlanmış, sualların cavabları komandaların kapitanları tərəfindən yazılı şəkildə köməkçilər vasitəsi ilə münsiflər heyətinə təqdim olunmuşdur. Münsiflər heyəti isə nəticələri hesablayıcılara təqdim edərək bilik yarışının qəbul olunmuş qaydalar əsasında və obyektiv şəraitdə keçirilməsini təmin etmişlər.
Ümumilikdə 11 komandanın iştirakı ilə 3 mərhələdə keçirilən bilik yarışında I kursun I birləşməsinin “Ağdam” komandası 25 xalla I yerə, III kursun II birləşməsinin “Laçın” komandası 22 xalla II yerə, II kursun I birləşməsinin “Şuşa” komandası isə 21 xalla III yerə layiq görüldülər.
Sonda qaliblərə Akademiya rəhbərliyi tərəfindən diplomlar təqdim edilmiş və onlar Polis Akademiyası rəisinin müvafiq əmrinə əsasən mükafatlandırılmışlar.