Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında keçirilmiş respublika elmi-praktik konfransında iştirak ediblər

02.11.2022
 02 noyabr 2022-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında “Zəfər Günü”nə həsr olunmuş “Zəfərdən zəfərə, Azərbaycan!” adlı respublika elmi-praktik konfransı keçirilib.
Öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsi önünə əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla anılıb. Sonra xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər heyəti və konfrans iştirakçıları “Şöhrət” muzeyində Ulu Öndərin xüsusi xidmət orqanlarındakı fəaliyyətini əks etdirən eksponatlarla, həmçinin Akademiyada nəşr olunmuş kitabların sərgisi ilə tanış olublar.

Konfrans respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Səkkiz xüsusi təyinatlı ali təhsil müəssisəsinin rəhbərliyinin və professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə iştirakçılar Zəfər Gününə həsr olunmuş videoçarxa tamaşa ediblər.

DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi general-mayor Allahverən İsmayılov konfransda açılış nitqi ilə çıxış edərək 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsi nəticəsində Azərbaycan Ordusunun “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlaması, ərazi bütövlüyümüzün bərpası və 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin dövlətçilik tariximizə qızıl hərflərlə yazılması barədə danışıb. Natiq həmçinin ötən müddət ərzində məhz Ulu Öndərin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizin hərtərəfli inkişafı və dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün əməli addımlar atılması, dövlətçiliyimiz üçün sarsılmaz təməllər yaradılması haqqında fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.

Konfransda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük general-mayoru Qulu Novruzov, DTX-nin “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş əməkdaşları çıxış ediblər.
Konfrans öz işini bölmələrdə davam edib. Hüquq elmləri bölməsində Akademiyanın Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki Hikmət Eyvazov “Azərbaycan Respublikasında təhlükəsizliyi və asayişi təmin edən orqanlar” mövzusunda çıxış edib.
Konfrans müzakirələrlə başa çatıb.