Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Bakı şəhər Apellyasiya Məhkəməsinin hakimi Polis Akademiyasında mühazirədə iştirak edib

14.11.2022
14 noyabr 2022-ci il tarixdə Bakı şəhər Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseyn Polis Akademiyasında əyani təhsil alan IV kurs kursantlarına “Məhkəmələrin hökm və ya qərarlarına apellyasiya qaydasına yenidən baxılması” mövzusunda  mühazirə oxuyub.

Kursantları salamlayaraq onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayan hakim C. Hüseyn qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən ədalət mühakiməsinin düzgün həyata keçirilməsində, bu məhkəmələrin hökm və ya qərarlarının qanuni, əsaslı və ədalətli olmasının təmin edilməsində apellyasiya instansiyası məhkəməsinin rolu böyükdür. Çünki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarlarının qanuni və əsaslı olmasını yoxlamaqla, bir qayda olaraq, həmin məhkəmələrin fəaliyyəti üzərində nəzarəti həyata keçirmiş olur. Apellyasiya məhkəməsi qanunsuz hökm və ya qərarları ləğv etməklə, yaxud dəyişdirməklə birinci instansiya məhkəməsi tərəfindən yol verilən kobud qanun pozuntularını aradan qaldırır, proses iştirakçılarının hüquqları və qanuni  mənafelərinin mühafizəsinə mühüm təminat yaratmış olur.

Qonaq apellyasiya instansiyası məhkəməsinin əhəmiyyətindən danışarkən onu da bildirib ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm və ya qərarları yoxlamaqla həmin məhkəmələr tərəfindən cinayət və ya cinayət-prosessual qanunun eyni cür tətbiq edilməsini, həmçinin məhkəmə təcrübəsində sabitliyi təmin edir və məhkəmə səhvlərini aradan qaldırır.
Mühazirədə “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dos. Səyyad Ağayev, baş müəllim, polis polkovnik-leytenantı Anar Mikayılov, müəllimlər polis mayoru Rafik Quliyev və polis leytenantı Xalid Qasımovun iştirak ediblər.
Sonda kursantları maraqlandıran suallar cavablandırılmış, cinayət-prosessual qanunvericiliyin tətbiqi ilə bağlı təcrübədə qarşıya çıxan problemlər və onların həlli yolları barədə müvafiq məsləhət və tövsiyələr verilmişdir.