Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında Rayon Polis Şöbəsi tədris modulunun açılışı olub

14.11.2022
 Polis Akademiyasında təlim-tədris prosesində aparılan islahatların davamı olaraq Akademiya rəisinin tapşırığına əsasən yaradılmış Rayon Polis Şöbəsi tədris modulunun 14 noyabr 2022-ci il tarixində açılışı olmuşdur. Açılışda Akademiyanın rəisi polis general-mayoru Canpolad Daanov, aidiyyəti şöbə və ixtisas kafedralarının əməkdaşları və 5-ci kursun kursantları iştirak etmişlər.

Tədris modulu haqqında məruzə edilərək bildirilib ki, tədris olunan ixtisas fənləri üzrə təhsilalanların əldə etdikləri nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsi, ixtisas üzrə peşə bacarığına və vərdişlərinə yiyələnmələri məqsədilə Polis Akademiyasının nəzdində Rayon Polis Şöbəsi tədris modulu yaradılmışdır. Real ərazi polis orqanının şəraitinə uyğun inşa edilən, təcrübədə mövcud vəziyyətə əsasən modelləşdirilmiş tədris modulu ixtisas fənnləri üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Bununla yanaşı ərazi polis orqanlarında növbətçi hissənin gündəlik işinin təşkili, ayrı-ayrı istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri, müvəqqəti saxlama yerinin rejim qaydaları, yetkinlik yaşına çatmayanlarla işin təşkili, polis sahə inspektorunun, inspektor-kriminalist və rayon polis şöbə rəisinin fəaliyyətinə dair tapşırıqları icra etmək və praktik baxımdan həyata keçirmək üçün tədris modulunda lazımi şərait yaradılmışdır.

 Polis Akademiyasının rəisi modulda təlim keçəcək şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması məqsədilə mövcud olan müasir təlim üsullarının öyrənilməsi, onların təcrübədə tətbiq edilməsi və real şəraitə uyğunlaşdırılması ilə bağlı müvafiq göstərişlər vermişdir.
Açılışdan sonra  Akademiyanın tədris cədvəlinə uyğun olaraq Rayon Polis Şöbəsi tədris modulunda əməliyyat-taktiki təlimlər başlamışdır.