Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı silsilə tədbirlər davam etdirilir

24.11.2022
Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviqlə bağlı təbliğat xarakterli silsilə tədbirlərin davamı olaraq 2022-ci ilin noyabr ayının keçən dövrü ərzində respublikamızın Qəbələ, Cəlilabad, İmişli, Şirvan, Qobustan, Abşeron, Daşkəsən, Ağdam, Beyləqan, Goranboy, Tovuz, Sumqayıt şəhər və rayonlarında məktəb müəllimləri və        IX-XI sinif şagirdləri ilə bir sıra görüşlər keçirilmişdir. Keçirilən görüşlərdə DİN-in Polis Akademiyasının əməkdaşları ilə yanaşı müvafiq rayon polis şöbələrinin məsul əməkdaşları iştirak etmişdir.

Görüş iştirakçılarına polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi, yeniyetmə və gənclərimizin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində söhbətlər aparılmışdır.

Keçirilən tədbirlərdə çıxış edən Polis Akademiyasının əməkdaşları şagirdləri salamlayaraq gələcək həyatlarında uğurlar arzulayıb. Tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən tanıtım videoçarxı nümayiş etdirilmiş, Akademiyaya dair bukletlər paylanmışdır. Daha sonra ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verilərək 100 illik şərəfli yol keçmiş təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Tədbirdə həmçinin, akademiyada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışılıb.
Keçirilən görüşlərin sonunda şagirdlərin sualları cavablandırılmış, birgə xatirə şəkilləri çəkdirilmişdir.