Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin mütəşəkkil cinayətkarlığa və digər təhlükəli cinayət növləri ilə mübarizə Bürosundan daxil olmuş məktuba əsasən 14 dekabr 2017-ci il tarixində Moskva şəhərində Rusiya DİN-in İdarəetmə Akademiyasının rəhbərliyi ilə qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə işçi görüş keçirilmişdir. Həmin tədbirdə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev, Akademiyanın tədris və elmi işlər üzrə rəis müavini, polis polkovniki Mahir Əhmədov və Beynəlxalq əməkdaşlıq qrupunun inspektoru, polis mayoru Ruslan Cəfərov iştirak etmişlər.
Azərbayvan Respublikası DİN-in Polis Akademiyasının nümayəndə heyəti Rusiya DİN-in İdarəetmə Akademiyasının tədris və elmi fəaliyyəti ilə tanışlıq oldu. Akademiyanın rəisi, polis general-leytenantı Andrey Konev və onun birinci müavini, polis general-mayoru Aleksandr Paradnikovla görüşdən sonra İdarəetmə Akademiyasının təhsil prosesinin, təhsil resurslarının, maddi-texniki bazasının, eləcə də dissertasiya şuralarının fəaliyyətinin təşkili barəsində məlumat verildi.
Bundan başqa gələcəkdə qarşılıqlı əməkdaşlığın yolları haqqında fikir mübadiləsi aparıldı. Azərbayvan Respublikası DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev isti münasibətə, qonaqpərvərliyə görə Rusiya Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasının rəisinə öz minnətdarlığını bildirdi və xatirə kitabında öz təəssüratlarını qeyd etdi.