Polis akademiyası

xəbərlər

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Polis Akademiyasında qeyd edildi

10.05.2018

 Azərbaycan Respublikasının qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Polis Akademiyasında bir sıra tədbirlər həyata keçirilmişdir.

Polis Akademiyasının ümumi kitabxanasında və kursların yataqxanalarında Heydər Əliyevin həyatını əks etdirən məlumatlar və fotostendlər quraşdırılmış, divar qəzetlərində məqalələr dərc olunmuş, kursant heyəti ilə Ümummilli Liderin həyatı və fəaliyyəti mövzusunda yığıncaqlar keçirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar 07 may 2018-ci il tarixdə Akademiyanın kiçik sıra meydanında daimi və dəyişən heyətin iştirakı ilə tədbir keçirilmişdir. Bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan, onun müstəqilliyi yolunda fədakarlıq göstərən Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev tədbiri giriş sözü ilə açıq elan edərək Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu barədə ətraflı çıxış etmişdir.

Tədbirdə Qaraçuxur qəsəbəsində yerləşən Q.Abbasov adına Mədəniyyət Sarayının yaradıcı kollektivinin və Polis Akademiyasının özfəaliyyət dərnəyinin iştirakı ilə maraqlı konsert proqramı nümayiş etdirilmiş, milli rəqslər ifa edilmişdir. Tədbirə həmçinin valideyin himayəsindən məhrum olan Səhiyyə Nazirliyinin tabeçiliyində olan 5 nömrəli uşaq evinin uşaqları dəvət edilmişdir. Sonda dəvət olunmuş qonaqlara və məktəblilərə hədiyyələr təqdim edilmişdir.
Keçirilən tədbir şəxsi heyət tərəfindən böyük maraqla qarşılanmışdır.





Çap et  Çap et