Polis akademiyası

xəbərlər

Xocalı faciəsinin 27-ci ildönümü Polis Akademiyasında anıldı

26.02.2019

 Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı Polis Akademiyasında silsilə tədbirlər keçirilmiş, Ümumi kitabxanada və kursların yataqxanalarında soyqırımı əks etdirən fotostendlər təşkil edilmişdir.

1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə bəşər tarixində analoqu olmayan xüsusi qəddarlıq və amansızlıqla törədilmiş Xocalı soyqırımı nəticəsində həlak olmuş soydaşlarımızın əziz xatirəsini yad etmək məqsədilə 25.02.2019-cu il tarixində Polis Akademiyasının Konfrans zalında tədbir keçirilmişdir. Tədbirə Xocalı şəhər sakinləri, Xocalı şəhər İcra Hakimiyyətinin Xəzər rayonu üzrə nümayəndəsi İman Savalan oğlu Allahverdiyev, polis şəhid ailəsi Vərziyar Mürşüd qızı Əliyeva və Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin müdiri, f.ü.f.d., dosent Vahid Allahverdi oğlu Ömərov dəvət edilmişdir. Şəxsi heyətin iştirakı ilə keçirilən tədbirdə ilk öncə Ümummilli Liderimiz Heydər Əliyevin, «Xocalı faciəsi» qurbanlarının, Vətənimizin ərazi bütövlüyü uğrunda, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə çıxış edən Polis Akademiyasının rəisi, polis general-mayoru cənab Nazim Əliyev faciənin baş verdiyi dövrdə ictimai-siyasi vəziyyətdən və onun nəticələri barədə məlumat vermişdir.

Tədbirdə AMEA-nın dosenti Vahid Ömərov və “İctimai elmər” kafedrasının rəisi, polis kapitanı Rəhim Məcnunov tarixə kiçik bir nəzər  salaraq Azərbaycan xalqının 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmaları, 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr zamanı erməni ideloloqlarının «dənizdən dənizə Ermənistan» adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnməsi və 1992-ci ildə fevral ayının 25-dən 26-a keçən gecə 7 min əhalisi olan Xocalı şəhərinin 366-cı motoatıcı alayının və erməni quldurlarının birgə hücumlarına məruz qalması və erməni hərbi birləşmələrinin genosid aktı həyata keçirmələri barədə çıxışlar etmişlər.

Xocalı şəhər sakinləri Vərziyar Əliyeva və İman Allahverdiyev öz çıxışlarında erməni separatçılarının tarix boyu Azərbaycan xalqına qarşı törətdikləri qətilamların acı nəticələri, Xocalı soyqırımı zamanı erməni silahlı dəstələri tərəfindən Xocalıların, özlərinin və ailə üzvlərinin başına gətirilən faciəvi hadisələrdən, bu faciənin bir soyqırımı aktı kimi tanınması üçün beynəlxalq miqyasda hüquqi qiymət verilməsi və bu sahədə “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində bütün dünyaya Xocalı soyqırımı həqiqətlərinin çatdırılması barədə ətraflı məlumatlar vermişlər.
26 fevral 2019-cu il tarixində Polis Akademiyasının zabit və kursant heyəti “Ana harayı” abidəsini ziyarət etmişlər.





Çap et  Çap et