Polis akademiyası

xəbərlər

Polis Akademiyasında “Kibercinayətlərə qarşı mübarizənin aktual problemləri” mövzusunda dəyirmi masa keçirilmişdir

15.04.2019

 “Cinayət prosesi” və “Kriminalistka” kafedralarının birgə təşkilatçılığı ilə Polis Akademiyasında 04 aprel 2019-cu il tarixdə saat 15.30-da “Kibercinayətlərə qarşı mübarizənin aktual problemləri” mövzusunda dəyirmi masa ətrafında görüş keçirilmişdir. Tədbirə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqləri - polis mayoru Tərlan Zeynalov, Şöhrət Hüseynov və polis kapitanı Yusif Hüseynov dəvət olunmuşlar. Qonaqlar mövzu ətrafında çıxışlar etməklə yanaşı, kursantları maraqlandıran sualları cavablandırdılar və müstəntiq peşəsinin özəllikləri barədə maraqlı məlumat verdilər.
Belə görüşlərin təşkili polis akademiyasında auditoriyadankənar işin səmərəli formalarından biridir. Görüşlər, adətən cəmiyyətimizin tanınmış adamları – milli qəhrəmanlar, alimlər, müharibə veteranları, olimpiya və dünya çempionları, hüquq mühafizə orqanlarının nümayəndələri ilə keçirilir.

Adlı-sanlı insanlarla görüşlər zamanı gənclərimiz onların həyat və yaradıcılığı ilə yaxından tanış olur, həmin şəxsiyyətlərə görə iftixar hissi keçirir, onların nümunəsində tərbiyə olunurlar. Eyni zamanda kursantlarda  vətənpərvərlik, zəhməti və gələcək peşəsini sevmək, cəsurluq, prinsipiallıq, obyektivlik, yoldaşlıq və dostluğa etibarlılıq, mərdlik və mübarizlik kimi keyfiyyətlər inkişaf edir. Görüşlər, həmçinin kursantların intellektual qabiliyyətlərinin və emosional enerjisini lazımi məcraya yönəldir.
Qeyd olunduğu kimi təhsilalanların bir şəxsiyyət kimi formalaşmasında dəyirmi masa ətrafında görüşlər böyük rol oynayır. Bu tipli görüşlər zamanı kursantlar müəllimin rəhbərliyi ilə müzakirəyə cəlb olunmuş problemlə bağlı öz fikirlərini və qənaətlərini bildirmək imkanı da əldə edirlər.

Dəyirmi masada əyani təhsil üzrə IV kurs kursantları öz çıxışlarında informasiya texnologiyalarının bütün dünyada, o cümlədən Azərbaycanda sürətli inkişafı problem və təhdidlərin yeni növünü yaratması bərədə məlumat verdilər. Bildirildi ki, internet-kommunikasiyalardan istifadə artdıqca, tədricən onların təhlükəsizliyinin təmin edilməsi məsələsi aktuallaşır, çünki bəşəriyyətin informasiya texnologiyaları sahəsində qeyd olunan nailiyyətləri yalnız cəmiyyət üçün faydalı məqsədlərdə istifadə edilmir.
Elektron vasitələrdən istifadə etməklə həyata keçirilən informasiya hücumlarının artması ilk növbədə, internetin yayılması ilə sıx bağlıdır. Kompyuter və şəbəkə texnologiyalarından istifadə etməklə bir neçə saniyə ərzində müxtəlif məxfi məlumatlar yerləşdiyi məkandan asılı olmayaraq oğurlanır, nəzarətdə saxlanılır və ya məhv edilir. Kompyuter şəbəkəsindən istifadə etməklə həyata keçirilən bu əməliyyatların transmilli xarakter alması belə deməyə əsas verir ki, informasiya hücumları ilə mübarizədə istənilən strategiyanın əsas hissəsi problemlərin həlli ilə əlaqədar ümumi siyasətin işlənməsidir. Müzakirələrdə qeyd olundu ki, kibercinayətkarlığın təhlükəsinin transsərhəd xarakterə malik olduğu birtərəfli yanaşmanın məhdudluğu, eləcə də bu problemin həlli üçün texniki tədbirlərlə yanaşı beynəlxalq qanunvericiliyin yaradılması və beynəlxalq əməkdaşlığın zəruriliyi bu gün aktual məsələyə çevrilmişdir.
Dəyirmi masa ətrafında görüşün sonunda kursantlara bu növ cinayətlərlə bağlı daxili işlər orqanlarında istintaqı aparılan cinayət işlərinə dair ümumi məlumat verilməklə yanaşı, onlara gələcək praktiki fəaliyyət zamanı cinayət-prosessual qanunvericiliyin tətbiqinə dair zəruri məsləhət və tövsiyələr verildi, verilən suallar cavablandırıldı.
Tədbirin sonunda qonaqlarla birlikdə xatirə şəkli çəkildi.






Çap et  Çap et