Polis akademiyası

xəbərlər

DİN-in Polis Akademiyasında “1941-1945-ci illərdə faşizmə qarşı aparılan müharibədə Qələbənin 74-cü ildönümü” qeyd edilmişdir

18.05.2019

 Bəşər tarixində miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə baş vermiş müharibələrin ən dəhşətlisi olan Böyük Vətən Müharibəsində Qələbənin təmin olunmasında Azərbaycan xalqının xidmətlərinin şəxsi heyətə çatdırılması, gənc nəslin milli vətənpərvər ruhda tərbiyə olunması, müharibədə qəhrəmancasına həlak olmuş həmvətənlərimizin əziz xatirələrinin təntənəli şəkildə yad edilməsi, ön və arxa cəbhələrdə fədakarlıq göstərmiş müharibə veteranlarına, habelə onların ailə üzvlərinə xüsusi diqqət və qayğının daha da artırılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında silsilə tədbirlər həyata keçirilmişdir.
Akademiyanın kitabxanasında və kursların yataqxanalarında “1941-1945-ci illərdə faşizmə qarşı aparılan müharibədə Qələbənin 74-cü ildönümü” münasibətilə fotostendlər quraşdırılmış, divar qəzetlərində məqalələr dərc olunmuşdur.
07 may 2019-cu il tarixində istefada olan polis polkovniki, polis veteranı Kamal İmanverdiyev əyani təhsil üzrə I və II kurs kursantları, istefada olan ədliyyə polkovnik-leytenantı Əflatun Əliyev III və IV kurs kursantları ilə görüşlər keçirmişlər. Görüş zamanı veteranlar odlu-alovlu müharibə dövrü, eyni zamanda şərəfli ömür yolu haqda söhbətlər aparmış, öz təcrübələrinə əsaslanaraq gənc nəsilə tövsiyyələrini vermişlər.

08 may 2019-cu il tarixində Akademiyanın daimi heyətinin iştirakı ilə “E” korpusunda yerləşən auditoriyada “1941-1945-ci illərdə faşizmə qarşı aparılan müharibədə Qələbənin 74-cü ildönümü”nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri Akademiya rəhbərliyi açıq elan edərək II Dünya müharibəsinin tarixi, “9 may - Qələbə günü”nün Azərbaycan Respublikasında məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən bayram kimi qeyd olunması, həmin müharibədə azərbaycanlıların həm ön, həm də arxa cəbhədə göstərdikləri şücaət və igidliklər barədə şəxsi heyətə məlumat çatdırdıqdan sonra ikinci dünya müharibəsi və Böyük Vətən Müharibəsi haqqında şəxsi heyətə daha ətraflı məlumat vermək üçün sözü “İctimai elmlər” kafedrasının müəllimi, polis kapitanı Rəşad Qasımova vermişdir.
Aparılmış söhbətlərin aktuallığı və bu günümüzlə səsləşməsi vəhdət təşkil etdiyindən görüş və tədbir şəxsi heyət arasında böyük marağa səbəb olmuş və şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir göstərmişdir.
07 may 2019-cu il tarixində Polis Akademiyasının bir qrup zabit və kursant heyəti Şüvəlan qəsəbəsində yerləşən “9 may – Qələbə günü”nə həsr edilmiş “Ana” abidəsi önündə keçirilmiş tədbirdə iştirak etmiş, abidə önünə tər çiçəklər qoymuşlar.





Çap et  Çap et