Polis akademiyası

xəbərlər

Dərslərdə nəzəriyyə ilə təcrübənin vəhdəti vacib şərtdir

26.10.2019

 Daxili İşlər Nazirliyinin Polis Akademiyasında kadrların hazırlanmasına qoyulan əsas tələb qanunçuluq və vətənpərvərlik prinsiplərini rəhbər tutaraq, peşə etikasına və xidməti etiketi yerinə yetirmək bacarığına malik mədəni təfəkkürlü və peşəkar fəaliyyətdə maddi və prosessual hüquq normalarının realizə edə bilən polis zabitləri hazırlamaqdır.

Bu mənada Polis Akademiyasında tədris olunan ixtisas fənlərinə marağı artırmaq məqsədilə dərslərdə mültimedia sistemlərindən, texniki öyrətmə vasitələrindən, slayd və əyani vasitələrdən geniş şəkildə istifadə olunur. Dərslər müasir növ xüsusi texniki vasitələr ilə təchiz olunmuş fənn kabinetlərində keçirilir. Görülən işlər dərslərin əyaniliyini daha da artırmağa, kursantlara praktiki bacarıq və vərdişlərin lazımi səviyyədə aşılanmasına imkan yaradır.

Daxili İşlər Nazirliyinin müvafiq Kollegiya qərarlarının icrasını təmin etmək üçün kadr hazırlığı sahəsində nəzəriyyə ilə təcrübənin əlaqələndirilməsi məqsədilə 17 oktyabr 2019-cu il tarixində Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Pərviz Məmmədov Akademiyanın əyani təhsil üzrə IV kurs kursantlarına “İttiham aktının tərtib edilməsi və cinayət işinin məhkəməyə göndərilməsi” mövzusunda mühazirə oxumağa dəvət olunmuşdur. Baş müstəntiq Pərviz Məmmədov ittiham aktı tərtib edilməklə ibtidai istintaqın qurtarmasının əsasları, ittiham aktının tərtib edilmə qaydası və məzmunu, prokuror tərəfindən ittiham aktı ilə daxil olmuş işlər üzrə cinayət işi materiallarına baxılma qaydası, bu sahədə təcrübədə rastlaşdığı və icraatında olan cinayət işləri barədə ətraflı məlumat verdi.

Mühazirəçi cinayət işlərinin icraatı dövründə cinayət-prosessual normaların tətbiqi sahəsində daha çox rast gəlinən problemlərin həlli yollarından danışaraq kursantları maraqlandıran sualları cavablandırmış, müstəntiq peşəsinin özünəməxsusluğu və bəzi xarakterik xüsusiyyətləri, bu sənətin əhəmiyyəti və rolu barədə geniş məlumat vermişdir.





Çap et  Çap et