Polis akademiyası

xəbərlər

Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışmasında Polis Akademiyasının komandası birinci yerə layiq görülüb

20.11.2019

 12 noyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihədə bu il 49 ali təhsil müəssisəsinin komandaları iştirak edib. Bilik yarışında DİN-in Polis Akademiyasını təmsil etmələri üçün «İctimai elmlər» kafedrasının rəisi, polis mayoru Rəhim Məcnunov və kafedranın baş müəllimi, polis mayoru Rəşad Qasımov tərəfindən bilik səviyyələri və ümumi dünyagörüşləri nəzərə alınmaqla 8 nəfərdən (6 nəfər əsas heyət - IV kurs III taqım kursantı Əlizadə Bəxtiyar; V kurs IV taqım kursantı Mirzəyev Nurlan; IV kurs II taqım kursantı Hüseynov Rövşən; IV kurs I taqım kursantı Ağayev Taleh; III kurs VI taqım kursantı Cahangirov Rəhman; III kurs I taqım kursantı Ələkbərov İlkin; 2 nəfər ehtiyat - IV kurs V taqım kursantı Ağamalıyev Yunis; IV kurs II taqım kursantı Ağamirzəyev Rəvan) ibarət komanda təşkil edilmişdir.

Tədbirdə məlumat verilib ki, 2014-cü ildən etibarən hər il həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır. Builki yarış isə 12 noyabr - Konstitusiya Gününün qeyd olunduğu tarixdə keçirilir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci ilin məhz bu günü ümumxalq səsverməsi ilə qəbul edilib.
Tədbirdə ulu öndər Heydər Əliyevin Konstitusiya Günü ilə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub.
Diqqətə çatdırılıb ki, “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak edən komandalar hazırlıq məqsədilə oktyabrın 29-dan noyabrın 7-dək Mərkəzdəki Heydər Əliyev Muzeyini ziyarət edib, burada toplanmış məlumat və eksponatlar, foto və videomateriallarla tanış olublar.

Sonra tələbələrin yarışa hazırlığını əks etdirən videoçarx nümayiş olunub.
Bu il Azərbaycan-Fransız Universitetinin (UFAZ) komandasi ilk dəfə, Naxçıvan Dövlət Universitetinin komandası isə dördillik fasilədən sonra yenidən bilik yarışına qatılıb.
Bilik yarışında suallar ulu öndər Heydər Əliyevin irsini, Azərbaycan tarixinin mühüm dövr və hadisələrini əhatə edib.
Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.

Bilik yarışında Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası birinci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası ikinci, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının komandası üçüncü yerlərə layiq görülüblər.
Qalib komandalar mükafatlandırılıb. Onlara diplom və medallar, qalib komandanın kapitanına kubok təqdim edilib.
Yarışın qalibi olan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandasının kapitanı Bəxtiyar Əlizadə bu cür genişmiqyaslı bilik yarışlarının təşkil edilməsində böyük rolu olan Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib. Qeyd edib ki, Ulu Öndərin irsinin, tariximizin öyrənilməsi hər bir Azərbaycan vətəndaşının borcudur. “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında iştirak edən ali təhsil müəssisələrinin komandaları yüksək bilik nümayiş etdiriblər. Buna baxmayaraq, biz qələbə qazandıq. Daxili İşlər Nazirliyinin Polis Akademiyasının müəllim-professor heyətini, kursantlarımızı və komandamızın üzvlərini təbrik edirəm.





Çap et  Çap et